...

Bakıda Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu idarələri ekspertlərinin görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2006 14:17 (UTC +04:00)

Yanvarın 12-13-də Bakıda Avropa - Qafqaz - Asiya (TRACECA) nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu idarələri ekspertlərinin görüşü keçiriləcək. Bu barədə Trend ə AR Nəqliyyat Nazirliyində bildirilib. Tədbirdə Çin və Bolqarıstan nümayəndələrinin də iştirakı gözlənilir. Xüsusilə Bolqarıstan tərəfi Varna və Burqas limanlarının layihəyə qoşulmasında maraqlıdır.

Görüşdə Poti-Bakı-Aktau-Almatı konteyner qatarının baş operatorunun müəyyən edilməsi məsələsi müzakirə ediləcək. "Azərbaycan Dövlət dəmir yolu idarəsi (ADDY) ilə birgə Gürcüstan da operatorluqda maraqlıdır.Amma biz ümid edirik ki, layihəni bizim təklif etdiyimizə görə, ADDY-ə üstünlük veriləcək. Bundan başqa, variantlar arasında müştərək müəssisənin yaradılması da vardır, amma biz bu variantı daha məqsədəuyğun hesab etmirik" -deyə ADDY nümayəndəsi bildirib.

Dekabrın 24-də Poti limanında nümayiş üçün konteyner qatarının buraxılması mərasimi keçirilib. Həmin tədbirdə Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze, "Gürcüstan dəmir yolu" MMC-nin baş direktoru İrakli Ezuqbaia, ADDY-nin rəhbəri Arif Əsgərov və Qazaxıstan dəmir yolu idarəsinin nümayəndəsi Taqat Lesov iştirak edib. Layihə yükün çatdırılması müddətinin azaldılması və 10% güzəşt əsasında alternativ marşrutlarla real rəqabət aparacaq. Artıq demək olar ki, bu, konteyner yüklərinin rəqabətə davamlılığını səmərəli yüksəldən müntəzəm marşrutdur.

İlk qatar dekabrın 31-də Alma-Atıya çatıb.

Poti-Bakı-Aktau-Almatı marşrutu hərəkət layihəsi TRACECA dəhlizinin rəqabətə davamlılığının artırılmasına və bilavasitə bərə konteyner yüklərinin inkişafına kömək edəcək.

Bu marşrutun cəlbediciliyinin yüksəldilməsi üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan dəhlizdə daşınacaq yüklərə vahid tarifin tətbiqinə dair razılığa gəlib. 1 ton/km yük üçün tarif $0,022 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti