...

USAİD və "Mercy Corps"-un həyata keçirdiyi "Azərbaycana Humanitar Yardım Proqramı"nın icrası başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 12:45 (UTC +04:00)

1998-ci ildən etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən və "Mercy Corps" təşkilatı tərəfindən idarə edilən, təqribən 57 milyon ABŞ dolları dəyərində olan Azərbaycana Humanitar Yardım Proqramının (AHYP) icrası yanvarın 13-də başa çatacaq. Bu barədə "Trendə" "Mercy Corps"ın Bakı nümayəndəliyindən xəbər veriblər.

Respublikanın 23 bölgəsində (Mərkəz və Cənub zonası, Bakı və Sumqayıt, eləcə də Naxçıvanda) məskunlaşmış 500 icma hədəf alınaraq 2 milyondan artıq adama yardım göstərilib. Proqram çərçivəsində icmalar tərəfindən ayrı-ayrılıqda 1488 layihə həyata keçirilib ki, bu layihələr də həmin icmalarda mövcud olan sosial-iqtisadi və səhiyyə problemlərinin həll olunmasına yönəldilmişdir.

Bu məqsədlə sığınacaq, icmaların inkişafı, sağlamlıq və qidalanma, məlumat, iqtisadi imkanlar və vahid icmanın inkişaf etdirilməsinə həsr olunmuş müxtəlif səpgili proqramlar həyata keçirilib.

Nəticələr arasında 1000-dən artıq səhiyyə işçisi üçün təşkil edilən təlim kurslarını göstərmək mümkündür. Həmin təlim kurslarını keçən işçilər hal-hazırda bərpa edilmiş 234 səhiyyə ocağında çalışaraq əhaliyə yüksək keyfiyyətli səhiyyə xidməti göstərir.

Bundan əlavə, 45 518 təsərrüfat və 9068 iş yeri yaradılıb, icma üzvlərindən ibarət qruplara və fərdi şəxslərə 41013 kredit verilib.

Azərbaycanda mövcud olan humanitar yardım ehtiyacını aradan qaldırmaq məqsədilə yaradılmış AHYP, Azərbaycandakı məcburi köçkünlərin və Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş digər şəxslərin həyat şəraitini, sağlamlıq şərtlərini, qidalanmasını və gəlir mənbələrini yaxşılaşdırmaqla insanların çəkdiyi əzab-əziyyəti azaltmağı hədəfləyib.

2000-ci ilə qədər humanitar yardım proqramları həyata keçirən AHYP həmin ildən etibarən uzunmüddətli inkişaf proqramlarını gerçəkləşdirməyə başlayıb. Proqram əhalinin zəif təbəqələrinin ən əsas ehtiyaclarını təmin etməyə davam etməklə bərabər, demokratik və tərəqqi edən sərbəst bazar iqtisadiyyatının yaradılmasına da yardım edib.

Belə ki, AHYP diqqətini vətəndaş cəmiyyətinin və icmaların potensialının gücləndirilməsinə yönəldib ki, onlar öz ehtiyaclarını özləri təmin edə bilsin. Bu məqsədlə proqram çərçivəsində iqtisadi imkanların birləşdirilməsini, icmaların inkişaf etdirilməsini, eləcə də səhiyyə və sosial sərmayə fondu proqramlarını təşviq etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.

Bu səylərin ən ümdə nümunəsi 2004-cü ilin dekabr ayında AHYP-nin icma səfərbərlik təşəbbüslərində iştirak edən 400-dən artıq icma üzvünün Bələdiyyə Şuralarına üzv seçilməsi olmuşdur.

AHYP proqramının yanvar ayında başa çatacağına baxmayaraq, bu əhəmiyyətli məsələlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin digər təşəbbüsləri çərçivəsində həll ediləcəkdir.

Bu təşəbbüslər arasında bu yaxınlarda elan edilmiş 15.5 milyon dollar dəyərində olan Azərbaycanın Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi layihəsini və 11.5 milyon dollar dəyərində olan Azərbaycanda İcma İnkişafı Fəaliyyətini göstərmək mümkündür.

Qeyd etmək lazımdır ki, həmin layihələr çərçivəsində AHYP tərəfindən başlanmış bir sıra təşəbbüslərin həyata keçirilməsinə davam etdiriləcək.

AHYP ümumilikdə Mercy Corps tərəfindən idarə edilən və 13 beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən (AJDİ/VOJA, ADRA, Amerikanın Qırmızı Xaç Cəmiyyəti, CARE, CHF, Children's Aid Direct, International Medical Corps, Beynəlxalq Xilas Komitəsi, Pathfinder, Relief International, Save the Children, UMCOR və World Iision) 34 alt-qrant vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları 1998-2006-cı illər arasında Azərbaycanın məcburi köçkünlərinə yardım məqsədi ilə 57 milyon ABŞ dolları ayırıb.

Xəbər lenti

Xəbər lenti