...

2005-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının yığımı 7,5% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2006 18:43 (UTC +04:00)

2005-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının yığımı 7,5%, o cümlədən bitkiçilik məhsulları 10,5%, heyvandarlıq 3,6% artıb. Trend Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən il taxılçılıq və yaşıl çay yarpağından başqa, kənd təsərrüfatı məhsullarının yığımı xeyli artıb.

İlkin məlumatlara görə, bu dövr ərzində qarğıdalıdan başqa, ümumi 802,3 min hektar sahədən dənli bitkilərin 2126,9 min ton həcmində yığımı həyata keçirilib.Bu göstərici 2004-cü illə müqayisədə 1,4% azdır. Hər bir hektara düşən orta məhsuldarlıq ötən il olduğu kimi, 26,5 sentner təşkil edib. Dənli bitkilərin tərkibində əsas yeri buğda tutur. 2005-ci ildə də 1565,8 min ton yaxud 73,6% bu bitkinin payına düşür. Amma ötən illə müqayisədə buğda yığımı 48,5 min ton azalıb.

Kartof, tərəvəz yığımı əksinə, bu dövr ərzində rekord göstəriciyə - müvafiq olaraq 1083,1 min ton, 1126,6 min tona çatıb. Kartof yığımının artımı 16,4%, tərəvəz isə 4,7% təşkil edib.

Pambıqçılıq və tütünçülük sahəsində də yüksək göstəricilər müşahidə olunub. 2005-ci ildə pambıq sahəsi 112,2 min hektaradək artırılıb, bu göstərici 2004-cü ildə 77,9 min ha təşkil edib. Belə genişləndirmələr sayəsində pambıq yığımı da 60,7 min ton artırılaraq 196,4 min ton təşkil edib. Tütün yığımı 7,1 min ton təşkil edib. Meyvə yığımının ümumi həcmi 625,1 min ton, üzüm 79,7 min ton təşkil edib və artım müvafiq olaraq 47,2% və 45,1% olub.Bunlarla yanaşı, yaşıl çay yarpağı yığımı 29,7,% azalıb və 737 ton təşkil edib.

Eyni zamanda 2006-cı ildə 728,6 min ha sahədə yığım üçün payız taxıl əkini artıq həyata keçirilib, bundan 557,6 min hektar yaxud 76,5% buğdanın, 170,9 min hektar (23,5%) isə arpanın payına düşür.

Xəbər lenti

Xəbər lenti