2006-2007-ci illər üçün qatarların yay qrafikinə əsasən, Azərbaycan Dövlət Dəmir Yol idarəsi bir sıra yeni dəmiryol marşrutları açmaq niyyətindədir. Onlardan ikisi Rusiya istiqamətində açılacaq. Bu barədə Trend ə ADDYİ-dən məlumat verilib.
Hər iki ölkənin dəmir yolu idarələri arasında əldə olunmuş razılaşmaya görə, bu ilin iyun ayından Bakı-Tümen reysi açılacaq. Hazırda 19 vaqondan ibarət bu qatar Bakı-Sverdlovsk marşrutu üzrə hərəkət edir və yay ayından etibarən Tümenə qədər uzadılacaq. Bu qatar ADDYİ-yə məxsusdur.
Bundan başqa bu ilin yay aylarından etibarən "Rusiyanın dəmir yolları"na məxsus qatarlardan istifadə olunmaqla Novosibirsk-Omsk-Bakı marşrutu fəaliyyətə başlaycaq. Bu qatar 18 vaqondan ibarət olacaq və 8 gündə bir dəfə işləyəcək. Həmçinin, bu qatara Çelyabinsk, Ufa, Samara və Saratovdan vaqonların birləşdirilməsinə dair qərar qəbul edilib.
Fevralın 17-dən Bakı-Kiyev marşrutu üzrə hərəkət edən qatara İjevskədək vaqon birləşdiriləcək. Bu qatar həftədə bir dəfə - şənbə günləri Bakıdan yola düşəcək.