...

"Texnikabank" vergi orqanları tərəfindən axtarışların aparılması faktlarını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2006 13:52 (UTC +04:00)

Azərbaycanın vergi orqanlarının apardıqları axtarış tədbirləri nəticəsində "Tenikabank"ın baş ofisində, eləcə də onun "Kapital", "Həyat" və "İnşaatçılar", eləcə də Sumqayıtın "Debütbank" filiallarında əlavə dəyər vergisi (ƏDV) hesab-fakturalarının saxtalaşdırılması faktları aşkar edilib. Bundan əlavə, ƏDV ilə bağlı fırıldaqçılıqda şübhəli bilinən bir sıra firmaların rəhbərlərinin mənzillərində də axtarışlar aparılıb.

Trend in verdiyi məlumata görə, Texnikabankın baş ofisində axtarışlar zamanı bu bankda vəsaiti olan iki firmanın möhürü tapılıb. Firmalardan birinə məxsus imzalı, möhürlü, amma doldurulmamış nağd pul alınması üçün nəzərdə tutulan çek vərəqələri, digər firmaya məxsus isə bütün qeydiyyat və ciddi hesabat sənədləri aşkar olunaraq maddi sübut kimi istintaq şöbəsinin əməkdaşları tərəfindən götürülüb.

Digər ciddi qanun pozuntusu faktı "Texnikabank"ın "İnşaatçılar" filialında aşkar olunub. Belə ki, burada 29 firmanın imzalı, möhürlü, amma doldurulmamış nağd pul alınması üçün nəzərdə tutulan çek kitabları, həmçinin 50-dək firmanın saxtalaşdırılması nəzərdə tutulan imzalı, möhürlü lakin doldurulmamış blankları aşkar edilərək götürülüb . Təhqiqatlar zamanı sözügedən filialdan saxta sənədləri götürülmüş firmaların bir çoxunun rəhbərləri barədə maraqlı faktlar ortaya çıxıb. Məsələn, bunlardan bəzilərinin 15 il əvvəl vəfat etdiyi, və ya uzun müddət həbsdə olduğu, yaxud ölkə hüdudlarından kənarda olduğu müəyyən edilib.

Nəticədə "Texnikabank"ın baş ofisinin əməkdaşı şübhəli şəxs qismində saxlanılıb. Eləcə də, "Həyat" filialının əməkdaşının kompüterinin prosessoru sübut kimi müsadirə olunub.

"Texnikabank"ın İdarə Heyətinin sədri Samir Hüseynov vergi axtarışlarının həyata keçirilməsi faktını Trend ə təsdiqləyib. "Texnikabank"da vergi orqanlarının yoxlamaları hələ 2003-cü ildən bank tərəfindən xidmət göstərilən "Olimp-L" və "Buta" firmalarının fəaliyyəti ilə bağlı olub", -deyə o, Trend ə verdiyi məlumatda bildirib. Firmaların hesablarının yalnız baş ofisdə olmaması üzündən "Texnikabank"ın bir sıra filiallarında - "Kapital", "Həyat" və "İnşaatçılar"d yoxlamalar aparılıb.

S.Hüseynovun sözlərinə görə, Vergilər Nazirliyinin əməkdaşları onlara müraciət edərkən, onları maraqlandıran bütün zəruri sənədlər vergi orqanları əməkdaşlarına təqdim edilib.

Xəbər lenti

Xəbər lenti