ARDNŞ tərkibindəki "Azərkimya" İstehsalat Birliyinə rəhbər təyin olunub

Foto: ARDNŞ tərkibindəki "Azərkimya" İstehsalat Birliyinə rəhbər təyin olunub / Energetika

Azərbaycan, Bakı, 30 aprel /Trend/

ARDNŞ-də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) keçmiş "Azərkimya" Dövlət Şirkətinin bazasında yaradılmış "Azərkimya" İstehsalat Birliyinin rəhbəri vəzifəsinə Muxtar Babayev təyin olunub. Bu barədə şirkətdən bildirilib.

Qeyd edək ki, Muxtar Babayev ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti vəzifəsini icra edib.

Keçmiş "Azərkimya" Dövlət Şirkəti İstehsalat Birliyi qismində ARDNŞ-nin tabeçiliyinə verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmana əsasən ARDNŞ tərkibində "Azərkimya" İstehsalat Birliyinin təsis olunması haqqında qərar qəbul edilib.

Şirkət prezidenti Rövnəq Abdullayevin imzaladığı sənəddə göstərilir ki, hüquqi şəxs kimi fəaliyyətinə xitam verilmiş "Azərkimya" Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodunun, Üzvi Sintez Zavodunun, Sumqayıt Mexaniki-Təmir Zavodunun və "Azərkimya" Dövlət Layihə İnstitutunun maddi-texniki bazasında müvafiq olaraq "Azərkimya" İstehsalat Birliyinin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi "Səthi Aktiv Maddələr", "Üzvi sintez", "Mexaniki Təmir" zavodları və "Kimyaelmitədqiqatlayihə" İnstitutu yaradılıb.

Əmrə əsasən, "Sintezkauçuk Zavodu" və "Etilen-Polietilen Zavodu"nun maddi-texniki bazasında "Etilen-Polietilen" zavodu yaradılıb. Bu zavod da hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi "Azərkimya" İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərəcək. Bunlardan başqa, əmrdə "Azərkimya" İstehsalat Birliyi tərkibində Təmir-tikinti İdarəsi, Nəqliyyat və xüsusi texnika İdarəsi və Anbar Təsərrüfatının yaradılması da öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

 
Ən çox oxunanlar
Xəbər lenti