...

Bakıda Kimyaçılar və kimya mühəndislərinin I Beynəlxalq konfransının açılışı olub

Energetika Materials 17 Aprel 2013 18:49 (UTC +04:00)
Bakıda Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Kimyaçılar və kimya mühəndislərinin I Beynəlxalq konfransının (CCE-2013) rəsmi açılış mərasimi keçirilib.
Bakıda Kimyaçılar və kimya mühəndislərinin I Beynəlxalq konfransının açılışı olub

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Kimyaçılar və kimya mühəndislərinin I Beynəlxalq konfransının (CCE-2013) rəsmi açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, Gülüstan sarayında keçirilən açılış mərasimində təhsil naziri Misir Mərdanov bildirib ki, konfransa dünyanın 12 ölkəsindən 100-dək mütəxəssis gəlib. Mərdanov deyib ki, konfrans xaricdən gəlmiş nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan alimlər arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına təkan verəcək.

"Uzun illərdir, bizdə elmin konkret sahələrinə həsr olunan belə böyük konfranslar keçirilmirdi. Kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacaq", - nazir deyib.

"Azərkimya" İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev bildirib ki, konfransın keçirilməsi Azərbaycanın həm bugünkü inkişafı, həm də gələcəkdə sənaye potensialının inkişafı üçün vacibdir.

"Konfransda kimya sənayesinin və kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı və mühüm məsələlərə baxmaq nəzərdə tutulub. Çoxlu sayda qonaqlar dəvət olunub", - o deyib.

5 günlük beynəlxalq konfrans Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə baş tutacaq. CCE-2013 konfransı kimyaçıları, kimya üzrə mühəndisləri, sənaye mütəxəssisləri və kimya sahəsi üzrə tədqiqatçıları bir araya gətirən forumdur. CCE-2013 həm akademik, həm də sənaye institutlardan olan tədqiqatçıları və sənayedən olan təcrübəçiləri cəlb etmək məqsədilə keçirilir. Burada onlar son tədqiqatlar barədə öz fikirlərini bildirəcək, mövcud olan problemləri, tədqiqatları və innovasiyalı ideyaları müzakirə edəcəklər. Konfrans çərçivəsində beynəlxalq natiqlər kimya və kimya mühəndisliyi sahələrində mövcud olan nailiyyətləri plenar leksiyalarda təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti