...

«Azərikimya»nın nümayəndələri «Petkim» şirkətində və «Petkim» Akademiyasında olublar (FOTO)

Energetika Materials 3 İyul 2013 11:35 (UTC +04:00)
Bu günlərdə ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin nümayəndələri Türkiyənin «Petkim» şirkətində Birlik əməkdaşları üçün neft-kimya istehsalatı üzrə təcrübə mübadiləsi prosesi, innovativ texnologiyaların səmərəli tətbiqi və yeni yaradılmış «Petkim» Akademiyasında kimyaçı mühəndislərin və fəhlə kadrların peşəkarlıqlarının artırılması sahəsində yeni metodika və texnologiyaların tətbiqi ilə tanış olublar.
«Azərikimya»nın nümayəndələri «Petkim» şirkətində və «Petkim» Akademiyasında olublar (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Bu günlərdə ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin nümayəndələri Türkiyənin "Petkim" şirkətində Birlik əməkdaşları üçün neft-kimya istehsalatı üzrə təcrübə mübadiləsi prosesi, innovativ texnologiyaların səmərəli tətbiqi və yeni yaradılmış "Petkim" Akademiyasında kimyaçı mühəndislərin və fəhlə kadrların peşəkarlıqlarının artırılması sahəsində yeni metodika və texnologiyaların tətbiqi ilə tanış olublar.

Artıq üçüncü ildir ki, istehsalatın bütün sahələr üzrə səmərəliliynin yüksəldilməsi üçün "Azərikimya"nın fəhlə və mühəndis kadrlarının peşəkarlıqlarının artırılması, innovativ texnologiyalar, kompyuter sistemi üzrə işləyən müasir neft-kimya avadanlıqlarının daha yüksək səviyyədə idarə edilməsinə nail olmaq məqsədilə regionun ən iri neft-kimya komplekslərindən olan "Petkim" şirkətinin müəssisələrində müxtəlif peşə və ixtisaslar üzrə təcrübə mübadiləsi aparılır. Bugünədək "Petkim"in ən yeni texnologiyalar əsasında yaradılmış müəssisələrində uzunmüddətli təcrübə mübadiləsində olmuş 70-dən artıq sumqayıtlı mütəxəssis - kimyaçı-mühəndislər, energetiklər, nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndislər və fəhlələr qazandıqları yeni bilik və təcrübələrini bu gün çalışdıqları sex və istehsalatlarda uğurla tətbiq edirlər.

Bir müddət əvvəl "Petkim"ə yola düşmüş sumqayıtlı mütəxəssislərin növbəti dəstəsinin təcrübə mübadiləsi prosesini bilavasitə müşahidə etmək, bu işin təşkilinin daha səmərəli aparılması yollarını öyrənmək, yeni yaradılmış "Petkim" Akademiyasının fəaliyyəti, orada kadr hazırlığının və müxtəlif ixtisaslar üzrə peşəkarlığın artırılması sahəsində müasir texnologiya və metodikaların tətbiqi ilə yaxından tanış olmaq məqsədilə "Azərikimya"nın nümayəndələri "Petkim"in rəhbərliyi ilə görüşmüş, bu qabaqcıl neft-kimya kompleksinin bir sıra müəssisələrində olublar.

"Azərikimya" nümayəndələrinə məlumat verilib ki, böyük müəllim heyəti olan "Petkim" Akademiyasında neft-kimya, energetika, texnologiya, nəzarət-ölçü cihazları və avtomatika, həmçinin digər sahələr üzrə nəzəri kurslar keçirilməklə yanaşı "Petkim"in ən müasir texnologiyalar əsasında yaradılmış müəssisə və istehsalatlarında müvafiq treninqlər də təşkil edilir. İxtisasartırmanın və təcrübə mübadiləsinin daha effektli olması məqsədilə Akademiyada müxtəlif ixtisaslar üzrə kurs keçənlər üçün texniki-informatik məlumat bazasının yaradılması, nəzəri və təcrübi kursların paralel olaraq aparılması əsas tutulur.

"Petkim" şirkətinin neft-kimya müəssisələrində təmir-tikinti işlərinin planlaşdırılma¬sının, onların idarə olunmasının, bütün işlərin icrasına nəzarətin elektron formada, kompüter sistemi üzrə təşkili "Azərikimya" nümayəndələrinin marağına səbəb olmuş, bu metodun Sumqayıtın kimya müəssisələrində də tətbiq olunmasının vacibliyini ön plana çəkib.
"Azərikimya" İB və "Petkim" nümayəndələrinin görüşləri zamanı təcrübə mübadiləsi prosesində əməyin mühafizəsi, texniki təhlükəsizlik təlimlərinə diqqətin artırılmasının, texniki qəza və nasazlıqların aradan qaldırılmasında sumqayıtlı mütəxəssislərin iştirakının təmin edilməsinin də mühüm və əhəmiyyətli olacağı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti