...

Sumqayıt Təlim-Tədris Mərkəzinə növbəti qəbul imtahanları keçirilib (FOTO)

Energetika Materials 16 İyul 2013 20:13 (UTC +04:00)
Bu gün ARDNŞ-nin Sumqayıt Təlim-Tədris Mərkəzinə (STTM) şagird qəbulu üzrə növbəti test imtahanları keçirilib.
Sumqayıt Təlim-Tədris Mərkəzinə növbəti qəbul imtahanları keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Bu gün ARDNŞ-nin Sumqayıt Təlim-Tədris Mərkəzinə (STTM) şagird qəbulu üzrə növbəti test imtahanları keçirilib.

"Azərikimya" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Sumqayıtın sənaye müəssisələrində, o cümlədən Birliyin təşkilatlarında xüsusi ehtiyac duyulan müxtəlif peşələr - aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, kompressor qurğularının maşinisti, təmirçi-çilingər, nasos qurğularının maşinisti, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik-qaz qaynaqçısı ixtisasları üzrə qəbul komissiyasına bu il ötən ilin ilk qəbulunda olduğundan daha çox - 370-ə yaxın sənəd daxil olub.

STTM-də tədris olunan 7 peşə üzrə cəmi 85 abituriyentin qəbul olunacağı nəzərə alınarsa, bu il hər ixtisas yeri uğrunda mübarizənin daha gərgin olacağı, müsabiqə yolu ilə yalnız daha yüksək texniki biliyə malik olanların bu texniki tədris mərkəzində peşə təhsili ala biləcəyi aydın olar.

İlk olaraq aparatçı ixtisasına yiyələnmək istəyən abituriyentlərin qrupunu STTM-in geniş auditoriyasında salamlayan "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputati Muxtar Babayev, ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov onlara imtahanda uğurlar, seçdikləri peşələrin sirlərinə səylə və dərindən yiyələnməyi arzulayıblar. Sonra ARDNŞ-in xüsusi təyin olunmuş İmtahan Komissiyası tərəfindən abituriyentlərə test imtahanı şərtləri və qaydaları izah edilib, onlara müvafiq biletlər paylanılıb. Seçdikləri texniki peşələrə yiyələnmək arzusunda olan gənclər imtahan üçün ayrılmış müddət ərzində öz bilik və bacarıqlarını nümayiş etdirərək, riyaziyyat, kimya, fizika, tarix və ümumi dövlətçilik, həmçinin məntiqi təfəkkür fənnləri üzrə 70 suala cavab verməli olublar. İmtahan zamanı daha yaxşı nəticə göstərənlərin STTM-ə qəbul edilməsində obyektivliyə nail olunması, yarana biləcık hər hansı bir anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə qəbul və imtahan komissiyalarından əlavə apellyasiya komissiyası da imtahan prosesində iştirak edib.

İmtahandan müvəffəqiyyətlə keçən şagirdlər Sumqayıt Təlim-Tədris Mərkəzində seçdikləri ixtisaslar üzrə təhsil alacaqları 10 ay müddəti ərzində aylıq təqaüd, xüsusi geyim və gündəlik naharla təmin olunacaqlar. Onlar təhsillərini başa vuraraq, texniki peşəyə yiyələndikdən sonra "Azərikimya" İstehsalat Birliyinin təşkilatlarında, həmçinin ARDNŞ-in ehtiyac duyulan digər strukturlarında müvafiq işlə təmin olunacaqlar.

Diqqətəlayiqdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ARDNŞ tərəfindən ötən il tikilib istifadəyə verilmiş və zəngin texniki bazaya malik olan STTM-i bu il müxtəlif ixtisaslar üzrə, həm də ən yeni texnologiyalar və müasir avadanlıqlar əsasında təhsil almış 100 nəfər gənc bitirib. Onların ilk dəstəsi - 15 nəfər tornaçı 2 ay əvvəl müvəffəqiyyətlə buraxılış imtahanı verərək, diplomlu mütəxəssis-fəhlələr kimi artıq "Azərikimya" İB-nin müəssisələrində işə qəbul olunaraq əmək fəaliyyətinə başlayıblar. Məzunların qalan hissəsi isə bugünlərdə buraxılış imtahanları verəcəklər.

Bu gün ilk qəbul zamanı olduğundan daha çox qızların da fəhlə peşələrinə yiyələnmək istəyi ilə iştirak etdikləri imtahan iki mərhələdə aparılaraq başa çatdırılıb. Test imtahanlarının nəticələri yaxın günlərdə ARDNŞ-nin saytında elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti