...

İranın gələn il üçün büdcəsində nikbin neft rəqəmləri

Energetika Materials 12 Dekabr 2013 15:51 (UTC +04:00)
İran parlamenti Prezident Həsən Ruhaninin təqdim etdiyi büdcə layihəsini dekabrın 14-dən araşdırmağa başlayacaq.
İranın gələn il üçün büdcəsində nikbin neft rəqəmləri

Dalğa Xatınoğlu, Trend-in İran xəbərlər xidmətinin rəhbəri

İran parlamenti Prezident Həsən Ruhaninin təqdim etdiyi büdcə layihəsini dekabrın 14-dən araşdırmağa başlayacaq.

İranda Yeni il martın 20-dən başlayır və gələn il üçün büdcənin həcmi 7830 trilyon rial (ötən ilin büdcəsi ilə müqayisədə 8,4% artm) nəzərdə tutulub. Büdcədə bir ABŞ dollarının məzənnəsi isə 26 min rial nəzərdə tutulub. Bu hesabla büdcənin həcmi ABŞ dolları ilə 300 milyard dollar təşkil edir, neftin qiyməti isə 100 dollardan hesablanıb.

Beləliklə, Milli İnkişaf Fondu və Neft Şirkətinin neft satışından olan payını çıxmaq şərtilə, büdcə lahiyəsində neft gəlirləri təxminən 750 trilyon rial (28,8 milyard ABŞ dolları) miqdarında müəyyənləşdirilib.

İran təqvimində gələn il üçün 31 faiz neft gəlirləri Milli İnkişaf Fonduna, 14,5 faiz isə Neft Şirkətinə köçürülməlidir. Başqa sözlə, büdcəyə daxil olan 28,8 milyard dollar neft gəliri ölkənin neft satışının 54,5 faizini təşkil edir.

İran növbəti il üçün sutkada 3,3 milyon barel neft hasilatı nəzərdə tutub. Bu rəqəm hazırkı göstəricidən sutkada 600 min barel çoxdur.

Hazırda OPEC-in xam neftinin qiyməti 108 dollar təşkil edir, İranın son 10 ayda ağır xam neftinin hər bareli isə 105,46 dollara satılıb.

OPEC neftinə tələbat

Noyabrın 11-də Beynəlxalq Enerji Agentliyi aylıq məruzəsində bildirib ki, 2014-cü il üçün qlobal neft tələbatı cari illə müqayisədə sutkada 1,2 milyon barel artaraq 92,4 milyon barel təşkil edəcək, lakin bu artım OPEC üzvü olmayan ölkələrin istehsalat artımı vasitəsilə təmin olunacaq.

OPEC-in keçən ay neft hasilatı dekabrın 10-da yaydığı aylıq məruzəyə əsasən, sutkada 29,633 milyon barel təşkil edib, ancaq Beynəlxalq Enerji Agentliyi gələn il üçün OPEC neftinə olan tələbatın həcminin sutkada 29,3 milyon barelə düşəcəyini proqnozlaşdırıb.

OPEC neftinə tələbatın azalmasına baxmayaraq, İrandan əlavə, İraq və Liviya da neft istehsalının artacağını bildirirlər.

Liviyanın neft istehsalı iyun ayından başlayan kütləvi aksiyalar və sabitsizliyə görə sutkada 1,4 milyon bareldən 250 min barelə düşüb. İraq hazırda 3,2 milyon barel neft istehsal edir və bu rəqəmi gələn il 4 milyona çatdırmaq istəyir.

İranın ixracat artımı imkanları

Digər tərəfdən, Rusiya neft istehsalını noyabr ayında sutkada 10 milyon 610 min barelə çatdırıb. SSRİ-nin dağıldığı tarixdən etibarən bu həcmdə istehsalat olmayıb.

Rusiyanın qarışıq Ural nefti ölkənin neft ixracatının 80 faizini təşkil edir. İraq neftinin və Rusiyanın Ural neftinin keyfiyyəti İranın neftinə çox yaxındır və Tehranın neft bazarlarını rahatlıqla ələ keçirə bilər.

Beynəlxalq Enerji Agentliyi də məruzəsində bildirib ki, İranın neft və kondensat ixracatı noyabr ayında sutkada 850 min barel təşkil edib və bu rəqəmin artması gözlənilmir. İran 2011-ci ildə sutkada 2,2 milyon barel neft və 300 min barel kondensat satmışdı.

İranın hazırda daxili neft istehlakının həcmi sutkada 1,681 milyon bareldir.

Beləliklə, büdcə layihəsində nəzərdə tutulan 3,3 milyon barel neft istehsalı istehlak və ixracatdan sutkada 770 min barel artıqdır.

Beynəlxalq Enerji Agentliyinin məruzəsinə əsasən, İran hazırda müştərisi olmayan 22 milyon barel nefti tankerlərdə saxlayıb.

Beləliklə, 3,3 milyon barel neft istehsalının realizasiya olunacağı sual altındadır.

Digər tərəfdən, ABŞ Enerji İnformasiya Administrasiyasının statistikalarına əsasən, bu ölkədə şist neftinin istehsal artımı nəticəsində xam neft istehsalının həcmi 2012-ci ildə sutkada 6,5 milyon, cari ildə isə 7,5 milyon təşkil edib. 2014-ci ildə bu rəqəmin 8,5 milyon barelə çatacağı proqnozlaşdırılır.

Yəni gələn il üçün qlobal neft tələbatının artımının 83 faizdən çoxu ABŞ neftinin istehsal artımı vasitəsilə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti