...

BVF: Azərbaycan neft-qaz sektorundan asılılığını azaltmalıdır

Energetika Materials 21 Noyabr 2014 17:37 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı Ukrayna böhranının istənilən təsirlərinə davam gətirmək gücündədir.
BVF: Azərbaycan neft-qaz sektorundan asılılığını azaltmalıdır

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan iqtisadiyyatı Ukrayna böhranının istənilən təsirlərinə davam gətirmək gücündədir, lakin 80 dollaradək enən neftin qiymətinin azalmasının ölkə iqtisadiyyatına təsir təhlükəsi mövcuddur.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentin müşaviri Raca Almarzoqi deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün prioritet vəzifə hökumətin fiskal konsolidasiya üzrə ortamüddətli strategiyasının davam etdirilməsi yolu ilə neft-qaz sektorundan asılılığın azaldılmasıdır: "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası daha şaxələndirilmiş iqtisadiyyatı nəzərdə tutur, lakin qarşıya qoyulan vəzifə hələ tam aydın deyil. Buna qismən səbəb biznes sahəsində zəruri islahatların keçirilməsində yubanmaların olmasıdır".

R.Almarzoqi qeyd edib ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business-2015" illik reytinqində 80-ci mövqeyi tutan Azərbaycan ticarət maneələrini azaltmalı və korrupsiya ilə mübarizəni gücləndirməlidir.

"Reuters"in məlumatında bildirilir ki, Qərbin Rusiyaya alternativ enerji tədarükçüsü qismində baxdığı Azərbaycan ötən il 2,6 milyard dollar məbləğində xalis xarici investisiya əldə edib: "Antidövri fiskal siyasətin aparılması üçün məhdud məkan nəzərə alınsa, neftin qiymətinin davamlı və kəskin azalması qeyri-neft sektorunun artımına təsir edə bilər".

BVF-nin proqnozlarına əsasən, bu il Azərbaycanda iqtisadi artım 4, gələn il isə 3,5 faiz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti