...

ARDNŞ Aİ iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır

Energetika Materials 11 Dekabr 2014 15:16 (UTC +04:00)
Brüsseldə “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
ARDNŞ Aİ iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Brüsseldə "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, azərbaycanlı diplomatlar, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və CQD layihəsinə cəlb olunmuş beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.

E.Nəsirov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini, ölkəmizin Avropa qitəsində əhəmiyyətinin artdığını vurğulayıb. O, CQD-nin Azərbaycan-Avropa strateji tərəfdaşlığından iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihə olduğunu qeyd edib və bildirib ki, ilkin qazın həcmi Avropa üçün cüzi olsa da, Azərbaycan qazı istehlakçı ölkələrdə enerji təchizatı problemlərini kökündən həll edə bilər. ARDNŞ-nin vitse-prezidenti layihədə ətraf mühitin qorunmasına xüsusi diqqət ayrıldığını, təbii qazın digər enerjidaşıyıcılarına nisbətən ətraf mühiti daha az çirkləndirdiyini vurğulayıb.

Çıxışın sonunda vitse-prezident qeyd edib ki, ARDNŞ Avropa İttifaqı iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır və Aİ qeyri-Avropa sərmayədarlarına lazımi strateji dəstəyi göstərməlidir.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinçenti, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov CQD layihəsinin həyata keçirilməsi zərurətindən danışıblar.

Avropa Komissiyasının vitse-prezidenti M.Şefçoviç bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə görüşündə CQD layihəsini müzakirə etdiyini, Azərbaycan rəhbərliyinin layihəni prioritet olaraq gördüyünü və işlərin vaxtında başa çatdırılacağına zəmanət verdiyini bildirib. O, etiraf edib ki, Azərbaycan və Türkiyə layihə üzrə öhdəliklərini artıq yerinə yetiriblər, indi isə Avropadan üzərinə düşənləri həyata keçirməyi gözləyirlər. O, enerji ittifaqının yaradılması üçün əlverişli anın gəldiyini vurğulayıb.

Görüşdə BP-nin CQD üzrə vitse-prezidenti Co Mörfi və Transadriatik boru kəməri (TAP) layihəsinin icraçı direktoru Kyetil Tunqland da öz fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti