...

Metyu Brayza: TANAP Türkiyə üçün daha da prioritet layihə olaraq qalır

Energetika Materials 16 Sentyabr 2015 23:31 (UTC +04:00)
"Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi Türkiyə üçün daha da prioritet olaraq qalır. Belə ki, ölkənin regionun ticarət və enerji mərkəzi olmaq ambisiyalarına cavab verir".
Metyu Brayza: TANAP Türkiyə üçün daha da prioritet layihə olaraq qalır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Anaxanım Hidayətova/

"Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi Türkiyə üçün daha da prioritet olaraq qalır. Belə ki, ölkənin regionun ticarət və enerji mərkəzi olmaq ambisiyalarına cavab verir".

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Rusiya "Türk axını" layihəsini reallaşdırmaqdan imtina etsə, Türkiyə bundan yalnız qazanacaq: "Türkiyə regionun ticarət və enerji qovşağına çevrilməyə və bununla da özünün, eləcə də Avropanın bahalı Rusiya qazından asılılığını azaltmağa can atır. Rusiya Prezidenti Vladimir Putin "Cənub axını" layihəsinin bağlandığını açıqladıqdan sonra ötən ilin dekabrında bu layihəni ikitərəfli gündəliyə çıxaranda Türkiyəni doğrudan da təəccübləndirdi".

M.Brayza bildirib ki, TANAP qaz kəməri layihəsi Türkiyəni Azərbaycanla və ola bilsin Türkmənistanla birləşdirəcək. Bu layihənin reallaşdırılması Türkiyənin regionun enerji qovşağına çevrilməsinə xidmət edir.

Ekspert qeyd edib ki, Türkiyə, həmçinin qazın İraqın şimalından və Şərqi Aralıq dənizi regionundan nəqlində maraqlıdır: "Türkiyə hökuməti "Türk axını" layihəsinə heç vaxt həqiqi mənada maraq göstərməyib. Türkiyə hökuməti bahalı Rusiya qazından asılılığı azaltmaq üçün qaz tədarüklərinin şaxələndirilməsində maraqlıdır. Bununla da Putin "Türk axını" layihəsi ilə bağlı niyyətini açıqlayarkən Türkiyə tərəfini çətin vəziyyətə saldı və Ankara sadəcə olaraq imtina etməklə Rusiyanın xətrinə dəymək istəmədi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti