...

Neft hasilatı SOCAR-a orta hesabla 20 dollara başa gəlir

Energetika Materials 25 Yanvar 2016 18:17 (UTC +04:00)
Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir.
Neft hasilatı SOCAR-a orta hesabla 20 dollara başa gəlir

Bakı. Trend:

SOCAR-ın nümayəndə heyəti Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirlən tədbirlərdə iştirak edib. Trend şirkətin saytına istinadən nümayəndə heyətinin tərkibində olan SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun İsveçrənin SRF kanalına müsahibəsini təqdim edir.

- SOCAR Azərbaycanda neft hasil edən dövlət şirkətidir. İsveçrədə biz SOCAR-ı yerli yanacaqdoldurma stansiyalarının operatoru kimi tanıyırıq. Əvvəllər bu yanacaqdoldurma stansiyaları şəbəkəsi başqa bir ad daşıyıb, lakin bu, artıq tarixdir. SOCAR artıq uzun müddətdir ki, dünyada, o cümlədən İsveçrədə mühüm rol oynamaqdadır. Bu gün neftin qiymətinin getdikcə aşağı düşməsi şirkətiniz üçün nə deməkdir?

- SOCAR Azərbaycanın dövlət neft şirkətidir və Siz yəqin, bilirsiniz ki, sənaye üsulu ilə neft hasilatı dünyada ilk dəfə 19-cu əsrdə məhz Bakıda, Azərbaycanda başlayıb.

- Deməli, o vaxtdan etibarən neft hasilatı ölkə iqtisadiyyatının əsas sütununu təşkil edir.

- Bəli, neft və qazla bağlı bütün fəaliyyətlər ölkə iqtisadiyyatının əsasını təşkil edir. Belə ki, tarixdə ilk neft tankeri və ilk neft boru kəməri məhz bizdə inşa edilib.

- Yəni sizin bu sahədə zəngin tarixiniz var.

- Doğrudur, Azərbaycanda neft sənayesi digər ölkələrdən əvvəl qurulub. Neftin qiymətinə gəldikdə isə biz zəngin tariximizə nəzər salıb belə qənaətə gəlirik ki, qiymət daim aşağı düşür, sonra yenə qalxır. Əminik ki, müəyyən müddətdən sonra neftin qiyməti yenə qalxacaq. Neftin ən kəskin bahalaşması Ərəb-İsrail müharibəsində və ya İran Respublikası təsis olunanda yox, 1920-ci ildə bolşeviklər Bakıya daxil olanda baş vermişdi, çünki o dövrdə dünya neft hasilatının ¼ hissəsi Bakının payına düşürdü. Biz əminik ki, neftin qiyməti yenə qalxacaq.

- Deməli, bu Sizi narahat etmir.

- Qətiyyən yox.

- Siz bu proseslərə uzunmüddətli perspektivdən baxırsınız - qiymətlər bəzən düşür, bəzən qalxır. Sizcə neftin qiyməti "Goldman Sachs"ın proqnozlaşdırdığı kimi 20 dollara düşəcəkmi?

- Neftin qiyməti çox fərqli faktorlardan asılıdır, bu isə qiymət inkişafının proqnozlaşdırılmasını olduqca çətinləşdirir. Əlbəttə, iqtisadi məsələlər müəyyən rol oynayır, lakin ölkələrarası münasibətləri tənzimləyən siyasi amillərin də təsiri var. Neftin qiyməti 20 dollara düşə bilər, lakin bu qiymət uzun müddət qala bilməz, çünki neft sahəsinə yatırılan investisiyanın azaldılması hiss olunacaq.

- Neftin qiyməti düşəndə ölkələrin gəliri azalır, bu isə dövlətləri daha çox neft hasil etməyə vadar edir. Neft bolluğu yaranır. Bu arada İran da bazara daxil olmaqdadır. Bu proseslər bazara təsir göstərəcəkmi?

- Bu proseslərin təsiri mütləq hiss olunacaq. Lakin nefti aşağı maya dəyəri ilə təkcə İran və Səudiyyə Ərəbistanı hasil etmir. Bu gün bir sıra hasilatçılar nefti çox aşağı maya dəyəri ilə hasil edə bilir. Buna baxmayaraq, təklif yenə tələbat səviyyəsindən aşağı düşəcək.

- Sizdə neft hasilatı neçəyə başa gəlir?

- Maya dəyəri 25 dollardan aşağıdır. Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir.

- Şadıq ki, SOCAR İsveçrədə yaxşı tanınan bir şirkətdir. Siz "Esso" yanacaqdoldurma stansiyalarını almısınız. İsveçrədə işləriniz necə gedir?

- İlk növbədə bizə, yəni şirkət və loqomuza, habelə təklif etdiyimiz xidmətlərin keyfiyyətinə isveçrəlilər tərəfindən göstərilən etimad və əməkdaşlıq üçün təşəkkür etmək istərdim. Biz imicimizi yeniləşdirmək üçün sorğu keçirdik. Məlum oldu ki, köhnə loqomuz cazibədar deyilmiş. Beləliklə, biz loqomuzu ilk dəfə İsveçrə üçün dəyişdik və 2 il sonra SOCAR dünyanın hər yerində yeni loqo ilə təqdim olundu. Bəli, həqiqətən yeni loqo ilk dəfə İsveçrədə tətbiq olundu, yəni yeni loqotip ilk dəfə isveçrəli müştərilərimiz tərəfindən bəyənildi.

- Belə çıxır ki, İsveçrə Sizin üçün ilkin test bazarıdır.

- Xeyr, biz İsveçrə üzərində eksperiment aparmırıq.

- Yox, bunu deməyimdə məqsədim budur ki, bəlkə siz Avropadakı fəaliyyətinizi İsveçrədən genişləndirmək niyyətindəsiniz?

- Bəli, şirkətimizin Şərqi və Qərbi Avropada fəaliyyətini inkişaf etdirmək fikrimiz var. Əlbəttə, ixrac gəlirlərinin azaldığı dövrdə sərmayə qoymaq çətinləşir. Lakin bu şəraitdə də sərmayə qoymaq məqsədəuyğun ola bilər. Bunu ona görə edirik ki, ölkəmizdə ixrac gəlirlərinin azalması müqabilində xaricdəki xidmət sektorundan ölkəmizə daha çox gəlir gəlsin.

- Avropada bunun üçün hansı ölkələrə sərmayə qoymağı düşünürsünüz?

- Xüsusilə İsveçrəyə.

- Digər şirkətləri almağı düşünürsünüzmü? Planınız nədir?

- Elə bir konkret təklif yoxdur, lakin İsveçrə bazarında fəaliyyətimizi genişləndirə bilərik.

- Yəni Siz bir satınalma imkanı görürsünüz?

- Biz bu imkanları araşdırırıq, lakin hazırda real bir imkan görünmür.

- Deməli, İsveçrə bazarı gələcəkdə də əhəmiyyətli olacaq.

- Doğrudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti