...

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının II iclasının vaxtı məlumdur

Energetika Materials 8 Fevral 2016 19:28 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ilk iclası ötən il fevralın 12-də Bakıda keçirilib.
"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının II iclasının vaxtı məlumdur

Bakı. Trend:

Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclası keçiriləcək.

Azərbaycan Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasla bağlı "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirlərinə və müxtəlif qurumları təmsilçilərinə artıq rəsmi dəvət məktubları göndərilib. Dəvət məktubu göndərilən hökumət rəsmiləri arasında Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panos Skurletis, Albaniyanın energetika və sənaye naziri Damian Giknuri, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi, bu ölkənin iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hokstayn, Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiç, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və başqaları var.

Həmçinin dəvət edilənlər sırasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti, AYİB-in enerji və təbii ehtiyatlar üzrə icraçı direktoru Rikkardo Puliti, Dünya Bankının prezidenti Cim Yon Kim, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müller, Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao, AİB-in özəl sektordakı əməliyyatlar üzrə baş direktoru Tod Frilend, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) icraçı vitse-prezidenti vəzifəsini icra edən və baş icraçı direktor Efiopis Tafara, Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer, EIB-in Cənubi Qafqaz üzrə vitse-prezidenti Laslo Baranya, TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Yan Bradşou və digərləri də var.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ilk iclası ötən il fevralın 12-də Bakıda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti