...

Elmar Məmmədyarov: Azərbaycan enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaş olaraq qalacaq

Energetika Materials 4 May 2016 17:03 (UTC +04:00)
Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq.
Elmar Məmmədyarov: Azərbaycan enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaş olaraq qalacaq

Bakı. Trend:

Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Praqada Vişeqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, hazırda Şərq Tərəfdaşlığının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir: "Biz Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizdəki irəliləyişi qiymətləndiririk, bu xüsusda Şərq Tərəfdaşlığının çoxtərəfli formatda çatdırmaq bacarığı proqramın bütöv səmərəliliyini müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən böyük transregional layihələr Şərq Tərəfdaşlığı çoxtərəfli formatının dirçəldilməsinə perspektivli təsir göstərir".

E.Məmmədyarov bildirib ki, Cənub Qaz Dəhlizi bu xüsusda Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ-yə üzv dövlətlər və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir: "Bu yaxınlarda Bakıda keçirilmiş və Federika Moqerini və Maroş Şefçoviçin iştirak etdiyi Məşvərət Şurasının 2-ci Nazirlər Görüşü bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik mesajını çatdırdı. 17 may tarixində Yunanıstanın Saloniki şəhərində təşkil olunacaq TAP-ın təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoyacaq. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq".

Nazir vurğulayıb ki, Azərbaycanın çoxtərəfli əməkdaşlığa töhfəsi transregional neft və qaz infrastruktur layihələri ilə məhdudlaşmır: "Bu ilin sonlarına qədər təhvil verilməsi gözlənilən Bakı-Tbilis-Qars dəmiryolu layihəsi bərpa edilən qədim İpək Yolunun ayrılmaz komponenti kimi qəbul edilir. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi sözügedən dəmir yolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaq. Bu, artıq Aİ ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük mərkəz rolunu oynayır. Azərbaycan həm də Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti