...

Natiq Əliyev: Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü enerji əməkdaşlığının inkişafı üçün platforma olacaq

Energetika Materials 28 İyul 2016 12:14 (UTC +04:00)
Qlobal siyasətdə sürətlə cərəyan edən proseslər və bütün bunların regionun geosiyasi mənzərəsinə fəal təsiri fonunda avqustun əvvəlində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü baş tutacaq.
Natiq Əliyev: Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü enerji əməkdaşlığının inkişafı üçün platforma olacaq

Bakı. Maksim Tsurkov - Trend:

Qlobal siyasətdə sürətlə cərəyan edən proseslər və bütün bunların regionun geosiyasi mənzərəsinə fəal təsiri fonunda avqustun əvvəlində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə energetika naziri Natiq Əliyevin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

Məqalədə bildirilir ki, yeni dünya nizamının formalaşdığı mürəkkəb dövrdə Azərbaycan üçtərəfli formatda belə bir əhəmiyyətli görüşün ev sahibi kimi yenidən dünyanın diqqət mərkəzində olacaq.

Onun sözlərinə görə, İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonrakı dövrə təsadüf edən bu görüşün qlobal enerji və kommunikasiya layihələrinin əsas iştirakçılarından biri kimi bütün dünyada etibarlı tərəfdaş imici qazanmış Azərbaycanda keçirilməsi regionda yeni əməkdaşlıq münasibətlərinin formalaşmasına təkan verəcək: "İran üzərindəki sanksiyaların ləğvindən sonra üç ölkə arasında yaranmış yeni münasibətlər mühiti, ilk növbədə, enerji sahəsində işbirliyi üçün zəngin perspektivlər yaradır. Regionda müstəqil enerji siyasəti həyata keçirən Azərbaycan İran və Rusiyanın bu sahədə maraqlarını uzlaşdırmaqla avqust görüşünü enerji əməkdaşlığına zəngin töhfə verəcək platformaya çevirə bilər. Yanacaq-enerji resurslarının həcminə görə dünyanın ən əhəmiyyətli ikinci bölgəsinə - Xəzər hövzəsinə aid bu üç ölkənin enerji sahəsində müştərək həyata keçirəcəyi layihələr kimi Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi, həmçinin Rusiya və başqa Xəzəryanı dövlətlərdən təbii qazın nəqli dəhlizlərinin yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı görüşündə ölkə rəhbərlərinin qətiyyətli mövqeyi isə bu layihələrin reallaşmasını sürətləndirə bilər".

Nazir qeyd edib ki, Şimal-Cənub enerji dəhlizinin yaradılması ideyasının uzun müddətdən bəri gündəmdə olduğu məlumdur: "25 aprel 2014-cü il tarixində MDB-nin Energetika Şurasının Bakı şəhərində keçirilmiş iclası zamanı Azərbaycan, Rusiya və İran nümayəndələri arasında aparılan danışıqlarda üc ölkə arasında elektrik şəbəkələrinin birləşdirilməsi məsələsi də müzakirə edilib Müzakirələrdə Rusiya tərəfi bu işləri koordinasiya edəcək institutun müəyyənləşdirilməsi, texniki tapşırıq və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması, daha sonra isə siyasi qərar verilməsi üçün layihənin hökumətlərə təqdim olunması mövqeyindən çıxış etmişdir. Bu layihədən ildə 600-700 Mvt gücündə enerji əldə etmək imkanı qazanacaq İran tərəfi isə hər üç ölkə arasında əvvəl kiçik, sonra isə daha böyük miqyaslı elektrik enerjisi mübadiləsinin aparılmasını və enerji sistemlərinin sinxronlaşdırılmasını məqsədəuyğun hesab edib".

Məqalədə deyilir ki, hazırda Azərbaycan-Rusiya-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi ilə əlaqədar zəruri texniki-təşkilati tədbirlərin yerinə yetirilməsi məqsədilə üçtərəfli İşçi Qrupunun işinin bərpası istiqamətində müzakirələr aparılır: "İranın enerji sisteminin Ermənistanın enerji sistemi ilə sinxron fəaliyyətdə olduğunu nəzərə alaraq, İran-Rusiya-Azərbaycan enerji sistemlərinin paralel iş rejiminə keçirilməsi üçün texniki problemlərin öyrənilməsi üzrə üçtərəfli qaydada araşdırmalar davam etdirilməkdədir. Son Bakı görüşündə Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin birləşdirilməsi yolları təhlil edilərək, ilkin Texniki Tapşırığın və “Yol xəritəsi”nin hazırlanması qərara alınıb".

N.Əliyev əlavə edib ki, nəhayət, ötən ilin 21-23 dekabr tarixlərində Tehranda keçirilən Azərbaycan və İran arasında Dövlətlərarası Müştərək Komissiyanın 10-cu iclası çərçivəsində üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin optimal variantının seçilməsi məqsədilə “Yol xəritəsi”nin hazırlanmasına dair razılıq əldə olunub: "Üçtərəfli Bakı görüşünün protokolu İran tərəfindən imzalandıqdan sonra daha bir üçtərəfli görüşün Moskvada keçirilməsinə qərar verilib".

O diqqətə çatdırıb ki, prezidentlərin avqust görüşü bu məsələ ilə bağlı açıq qalan bütün sualların aydınlaşdırılması, konkret nəticələrin əldə olunması və prosesin tez bir zamanda yekunlaşması üçün böyük perspektivlər vəd edir: "Çünki Azərbaycan öz enerji sistemini İran və Rusiyanın enerji sistemlərinə birləşdirmək üçün texniki cəhətdən tam hazırdır. Bu inteqrasiyanı təmin edəcək Dərbənd-Yaşma EÖX (elektrik ötürücü xətt) və İmişli-Parsabad EÖX üçün lazım olan güclü istehsal obyektləri mövcuddur. Hazırda Azərbaycan və İranın energetika sistemləri arasında elektrik enerjisinin mübadiləsi 230 kV-luq I Parsabad, 330 kV-luq II Parsabad, 110 kV-luq Astara və 132 kV-luq Culfa və Araz HEVX vasitəsilə həyata keçirilir. Araz çayı üzərində inşa edilməkdə olan “Xudafərin” (gücü 100+100 MVt) və “Qız Qalası” (gücü 40+40 MVt) SES-lərinin hər iki ölkə üçün ildə 820 mln.kVts. (2 x 410 mln. kVts.) elektrik enerjisi istehsal etməsi proqnozlaşdırılır. Bu stansiyaların tikintisi 2008-ci ildən başlayaraq müxtəlif yüksək səviyyəli müzakirələrin predmeti olsa da, məsələnin reallaşmasına doğru həlledici addım bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfəri zamanı atılıb. Səfər zamanı Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Razılaşmaya əsasən, Naxçıvan Muxtar Respublikasında Araz çayı üzərində hər birinin gücü 40 MVt olan “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi də nəzərdə tutulmuşdur ki, bu layihə tərəflərin hər birində əlavə 100 milyon kVt saat elektrik enerjisinin istehsalına şərait yaradacaq".

Onun sözlərinə görə, elektroenergetika sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə tərəflər bir-birinin enerji sisteminə verilməsi planlaşdırılan elektrik enerjisinin həcmini, qiymətini və müddətini müəyyənləşdirmiş, 330 kV-luq “Muğan” (“İmişli-Parsabad”) dövlətlərarası elektrik verilişi xəttinin istismara verilməsi üçün bütün lazımi tədbirlərin yerinə yetirilməsindən ötrü müvafiq işlərin görülməsi razılaşdırılıb: "Bir sözlə, regional əməkdaşlığın gücləndirilməsi istiqamətində reallaşdırılan tədbirlər bir çox sahələr kimi, enerji sektorunda da əhəmiyyətli qərarların verilməsinə, uzunmüddətli inkişafa, regionun təhlükəsizliyinə xidmət edəcək layihələrin həyata keçirilməsinə imkan yaradır. Rusiya-Azərbaycan-İran arasında enerji dəhlizinin yaradılması üçün zəruru texniki və siyasi vəziyyət qənaətbəxşdir və üçtərəfli Bakı görüşü regional təhlükəsizliyin qorunmasına təminat verəcək bu variantın seçilməsində də həlledici ola bilər. Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılmasının üstünlükləri təkcə Azərbaycanın iki qonşu ölkə arasında körpü rolunu oynaması, elektrik enerjisinin tranziti, digər ölkələrlə enerji mübadiləsi, yeni elektrik enerjisi bazarlarının yaranmasını şərtləndirməklə məhdudlaşmır. Bu prosesin tezləşdirilməsi Ermənistanın yer aldığı digər variantın əngəllənməsi baxımından da mühümdür. Belə ki, 13 aprel 2016-cı ildə Yerevanda “Şimal-Cənub” elektrik enerjisi dəhlizi ilə bağlı İran, Rusiya, Gürcüstan və Ermənistan arasında dördtərəfli iclas keçirilmiş, dörd ölkənin enerji şəbəkələrinin birləşdirilməsinə hazırlıq üzrə “Yol xəritəsi” və Anlaşma Memorandumu imzalanmış, bu prosesin 2018-ci ildə yekunlaşacağına inam ifadə edilib".

Naziq vurğulayıb ki, elə Rusiya Federasiyasının Energetika Nazirliyindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş “Rusiya və İran elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki iqtisadi əsaslandırılmasının işlənməsi üzrə Texniki Tapşırıqlar” layihəsindən də aydın olur ki, hazırda Rusiya və İranın enerji sistemlərinin birləşdirilməsinin müxtəlif variantlarının texniki və iqtisadi aspektləri öyrənilir və tədqiq edilən 4 istiqamət arasında Rusiya-Azərbaycan-İranla yanaşı, Rusiya-Gürcüstan-Ermənistan-İran istiqaməti də var: "Həmin ölkələrin enerji sistemlərinin Azərbaycan enerji sisteminə rejim təsirləri yaradacağı ehtimalı Azərbaycan və Rusiya arasında elektrik enerjisi dəhlizinin potensialının gücləndirilməsini zəruriləşdirir. Rusiya və Azərbaycan enerji sistemləri arasında mövcud olan 330 kV-luq xəttə paralel olaraq, müvafiq dövlət proqramlarında nəzərdə tutulan ikinci 330 kV-luq elektrik verilişi xəttinin və Gürcüstanla Azərbaycan arasındakı mövcud 330 kV-luq Ağstafa–Qardabani elektrik verilişi xəttinin yenidən qurularaq ikidövrəli 330 kV-luq xəttə çevrilməsi hesabına bu sahədə imkanları xeyli genişləndirmək olar. Azərbaycan və İran enerji sistemləri arasındakı əlaqələrə gəldikdə isə qeyd etmək lazımdır ki, ölkələrimizin enerji sistemlərində gərginlik fərqli siniflərə aiddir. Bunu, eləcə də İran enerji sisteminin digər ölkələrin enerji sistemləri ilə inteqrasiyası niyyətlərini nəzərə alsaq, onda Azərbaycan enerji sisteminin İran enerji sistemi ilə sabit cərəyanverici yarımstansiyalar vasitəsilə birləşməsi daha məqsədəuyğun olardı".

O deyib ki, bütün bunları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, qlobal enerji təhlükəsizliyinin təminatı sahəsində xüsusi rola malik Azərbaycan, elektrik enerjisi təhlükəsizliyinə problem yaradacaq məsələlərin nizamlanması üçün də zəruri addımları atacaq və liderlərin avqust görüşü bu baxımdan çox əhəmiyyətli olacaq: "Bu görüşdən digər mühüm bir gözlənti də enerji sahəsində əməkdaşlığa xüsusi prioritetlik qazandıran istiqamətlərdən biri kimi İranın neft-qaz ehtiyatlarının dünya bazarına Azərbaycanın yaxından iştirakı ilə çıxarılmasına nail olmaqdır. Məlumdur ki, müəyyən müddət ərzində İranın izolyasiyası siyasətinin həyata keçirilməsi Xəzərin karbohidrogen ehtiyatlarının istismarı sahəsində bu qonşu ölkənin hər hansı formada iştirakını məhdudlaşdırmış, İrandan ixrac edilə biləcək neft həcmləri İraq və Xəzər dənizi hövzəsinin neft ehtiyatları ilə əvəz olunmuşdur. ABŞ-ın Xəzər dənizindəki hazırkı siyasəti isə artıq İran amili ilə müəyyən edilmir və bu ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə nəinki neft və qaz sahəsində birgə layihələrin (Azərbaycanın yeraltı qaz anbarlarının birgə istifadəsi və genişləndirilməsi, Xəzər dənizində birgə axtarış-kəşfiyyat işlərinin aparılması, işlənməsi və s.) reallaşdırılmasına imkan verir, eyni zamanda qazın Avropa bazarlarına nəqlində ən real və əlverişli variant qismində məhz Azərbaycan infrastrukturunun seçilməsinə zəmin yaradır. Dünyada ən böyük təbii qaz yataqlarına malik olmasına baxmayaraq, İran hələlik xarici ölkələrə “mavi yanacaq” ixrac edə bilmir. İranın “National İran Gas” şirkətinin verdiyi məlumata görə, hazırda nəzərdən keçirilən variantlardan biri “İran LNG”-in tikintisinin bərpasıdır. İkinci variant isə Fars körfəzindən Omana qaz kəməri çəkmək və oradan da qazı Avropaya ixrac etməkdir. Xatırladaq ki, 2009-cu ildə İranın Buşehr şəhərində imzalanmış “Memorandum”un müvafiq müddəalarına görə, “Assaluyeh” yatağından çıxarılan təbii qazın İraq və Suriya ərazisindən keçərək Avropaya çatdırılması nəzərdə tutulurdu. Layihəyə əsasən, boru kəmərinin İran-Suriya-Livan ərazisindən keçərək, Aralıq dənizinin dibi ilə Yunanıstana çəkilməsi planlaşdırılırdı. Eyni zamanda, həmin layihəyə əsasən, Suriyanın Latakiya və Tartus dəniz limanlarında böyük həcmli maye qaz terminallarının inşası nəzərdə tutulurdu. Lakin İrana qarşı qəbul edilən beynəlxalq sanksiyalar bu layihənin həyata keçirilməsinə mane oldu. İran kimi iri təchizatçının bazara qayıdışının Avropa İttifaqının şaxələndirmə siyasətinə də uyğunluğunu və təbii qazın ixracı üçün lazımi infrastrukturun yaradılmasının müəyyən vaxt tələb etdiyni nəzərə alsaq, mavi yanacağın Azərbaycan ərazisindən nəqli və Cənub Qaz Layihəsinə qoşulması daha məqbul görünür. 2015-ci ilin 23 noyabrında Tehranda keçirilmiş və Azərbaycanın da müşahidəçi qismində qəbul edildiyi Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü Sammitində Azərbaycanın neft və qazın nəqli məqsədilə yaratdığı infrastrukturdan (Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri) region ölkələrinin də istifadə etməsi təklifi irəli sürülmüşdür. Trans-Anadolu (TANAP) qaz kəmərinə qoşulmağın qaz ixrac etmək istəyən region ölkələri, xüsusilə də İran üçün səmərəliliyi ideyası əsaslandırılıb".

Məqalədə deyilir ki, eyni zamanda, Prezident İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlıq üçün çox gözəl perspektivlərin olması da xüsusi qeyd edilmiş, eləcə də Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə ilə bağlı mühüm mesajlar verilib: "Göründüyü kimi, bütün bu tədbirlər təkcə enerji əməkdaşlığının perspektivlərini genişləndirmir. Həm də regional əməkdaşlıq formatlarının sayını artıraraq yeni əməkdaşlıq modellərinin formalaşmasına da töhfə verir. Tarixi təcrübə də göstərir ki, hər hansı layihənin başlıca uğuru o layihədə iştirak edən ölkələr arasındakı münasibətlərin sabitliyindən, konstruktiv siyasi anlaşmalardan və dərin köklərə malik əlaqələrin qorunub saxlanılması məramına sadiqlik nümayiş etdirən dövlət başçılarının siyasətindən xeyli dərəcədə asılıdır. Ona görə də bu gün Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı belə möhkəm təməllər üzərində qərarlaşmış münasibətlər sisteminin nəticəsi kimi qiymətləndirilməlidir. Bu uğurlu nəticəni təmin edən başlıca amillərdən biri isə məhz Azərbaycanın regionda sülhün, sabitliyin, inkişafın təmin olunması üçün qonşularla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin möhkəmləndiririlməsinə xidmət edən dövlət siyasətidir. Məsələn, bu gün İranla enerji əməkdaşlığı hər nə qədər yeni mövzu kimi qabardılsa da, əslində, Azərbaycanın bu ölkə ilə enerji tərəfdaşlığı dövlət müstəqilliyimizin ilk illərindən başlanmış və tarixi sınaqlardan keçmişdir. Təsadüfi deyildir ki, blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının enerji daşıyıcıları ilə təmin olunmasında İran əvəzsiz rol oynamışdır. İrandan Naxçıvan Muxtar Respublikasına enerji xətlərinin çəkilməsi, Muxtar Respublikanın qaz probleminin həllinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi isə İran və Azərbaycan arasında əbədi dostluq ideyalarının müdafiəçisi Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində mümkün olmuşdur. Tarixə kiçik bir ekskurs etsək, görərik ki, hələ 1992-ci ildə Naxçıvan MR Ali Sovetinin sədri olarkən Heydər Əliyev Naxçıvanı böhran vəziyyətindən çıxarmaq məqsədilə İranın Neft və Qaz Nazirliyi ilə danışıqlar aparmış, Xoy-Culfa qaz kəmərinin tikilməsinə nail olmuşdur. Bundan başqa, 1992-ci ildə 220 kV-luq “Atarbekyan” hava elektrik verilişi xətti (HEVX) Ermənistan tərəfindən açıldıqdan sonra Naxçıvanın üzləşdiyi elektrik enerjisi probleminin əsaslı həlli, Muxtar Respublikanın dayanıqlı elektrik enerjisi təchizatının Azərbaycan energetika sistemi vasitəsilə həyata keçirilməsi məqsədilə 2001-ci ildə 230 kV-luq I Parsabad HEVX tikilərək istifadəyə verilmiş, bu xətlə elektrik enerjisinin Naxçıvana İranın elektrik şəbəkəsi vasitəsilə tranzit ötürülməsi həyata keçirilib. Göründüyü kimi, Azərbaycanın İranla enerji əməkdaşlığı hələ Naxçıvan Muxtar Respublikasının enerji böhranının aradan qaldırılması üçün davamlı tədbirlərin həyata keçirildiyi o keşməkeşli illərdə özünü doğrultmuş, İran bu vəziyyətdə əsl dost, mehriban qonşuluq münasibətlərinə sadiq ölkə mövqeyindən çıxış edərək Azərbaycana köməyini əsirgəməmişdir. Azərbaycanla İran arasında dostluq münasibətlərinin inkişafı Prezident İlham Əliyevin siyasi kursunda da vacib istiqamət təşkil etmiş, bu, enerji əməkdaşlığının da yükslən xəttlə inkişafına təkan vermişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının təbii qaza olan ehtiyacını ödəmək məqsədilə 2004-cü ildə imzalanmış müqaviləyə əsasən, İrandan ildə orta hesabla 350 mln. kubmetr qazın Naxçıvan MR-a təhvil verilməsi və əlavə olaraq tranzit haqqı kimi nəql həcminin 15%-i həcmində qazın İrana ödənilməsi nəzərdə tutulmuşdu. Nəticə olaraq Astara-İran sərhəddində dövlət ölçü qovşağı quraşdırılmışdır və o vaxtdan bəri hər gün Naxçıvana 1,3-1,6 mln. kubmetr qaz nəql edilməkdədir".

N. Əliyev yazır ki, Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında imzalanmış 17 noyabr 2010-cu il tarixli enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrasına uyğun olaraq, 5 il ərzində İranın şımal bölgəsini qazla təmin etmək məqsədilə mübadilə qazından əlavə, İrana 1 mlrd. kubmetr qazın nəqlini reallaşdırmaq üçün Astarada yeni kompressor stansiyası tikilib, Qazıməmməd-Astara kəmərində təmir-bərpa işləri aparılıb: " Hazırda İrandan Araz çayını keçən diametri 530 mm olan qaz kəməri ilə təbii qaz Culfa-Ordubad rayonlarının qazpaylayıcı şəbəkəsinə ötürülür. Astarada yeni kompressor stansiyası vasitəsilə Qazıməmməd-Astara xətti ilə İrana ildə 1 mlrd.kubmetr qaz nəql etmək imkanı vardır. Qazıməmməd-Astara kəmərində bır sıra əlavə təmir-bərpa işləri hesabına İrana mübadilə qazından əlavə 2 mlrd.kubmetr qazın nəqli də mümkün ola bilər. Nəql həcminin artırılması istiqamətində nəzərdən keçirilən varinatlardan biri kimi Səngəçal baş qurğularından Astaraya qədər yeni qaz kəməri çəkməklə “Şahdəniz” yatağından hasil edilən qazın İranın magistral qaz sisteminə birbaşa və daha artıq həcmlərdə verilməsini də xüsusi qeyd etmək olar. Bütün bunlar Azərbaycan, Rusiya və İran arasında enerji sahəsində əməkdaşlıq perspektivlərinin zəngin tarixi ənənələrə söykəndiyini, mövcud infrastrukturun bu perspektivlərin reallığa çevrilməsi üçün geniş imkanlar yaratdığını və ölkələrimizin bu imkanlardan qarşılıqlı faydalı şəkildə istifadə niyyətlərini göstərir. Azərbaycan, Rusiya və İran prezidentlərinin avqust görüşü ölkələrimizi bu xoş məram ətrafında daha da yaxınlaşdıraraq regionun sabitlik və inkişafına töhfə olacaq, eyni zamanda Azərbaycanın enerji ölkəsi kimi mövqeyinin daha geniş əhatədə təsdiqlənməsinə və bu mövqeyin bir qədər də güclənməsinə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti