...

Səfir: Azərbaycan “Balkan” habının yaradılması ilə bağlı Bolqarıstanın təklifini nəzərdən keçirir

Energetika Materials 28 Oktyabr 2016 15:22 (UTC +04:00)
Bolqarıstan ərazisində “Balkan” qaz paylayıcı mərkəzinin yaradılması konsepsiyası ilə bağlı Bolqarıstan tərəfinin təklifləri hazırda azərbaycanlı tərəfdaşları tərəfindən nəzərdən keçirilir.
Səfir: Azərbaycan “Balkan” habının yaradılması ilə bağlı Bolqarıstanın təklifini nəzərdən keçirir

Bakı. Trend:

Bolqarıstan ərazisində “Balkan” qaz paylayıcı mərkəzinin yaradılması konsepsiyası ilə bağlı Bolqarıstan tərəfinin təklifləri hazırda azərbaycanlı tərəfdaşları tərəfindən nəzərdən keçirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin ingilis dilində nüfuzlu xəbər portalı olan www.novinite.com saytına müsahibəsində deyib.

Energetika sahəsində əməkdaşlıq imkanlarından danışaraq səfir Cənub Qaz Dəhlizinin (CQD) Xəzər dənizindən alternativ qaz ehtiyatlarının Avropaya nəql etməklə Avropa İttifaqı, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş dünyada indiyədək layihələndirilmiş ən mürəkkəb qaz nəqli infrastrukturundan biri olduğunu bildirib.

Səfir 2020-ci ildən etibarən Azərbaycanın Şahdəniz qaz yatağı vasitəsilə Bolqarıstanı ildə 1 milyard kub metr qazla təchiz edəcəyinin nəzərdə tutulduğunu, bu qaz həcminin Bolqarıstan-Yunanıstan qaz birləşdirici kəməri (İGB) vasitəsilə nəql ediləcəyini qeyd edib. Səfir ARDNŞ-in törəmə şirkəti olan “Azerbaijan Gas” Beynəlxalq şirkətinin cari ilin əvvəlində İGB-nin ilk bazar sınağı çərçivəsində İGB-nin həcmi üçün təkliflər təqdim edən şirkətlər arasında olduğunu əlavə edib.

N.Qurbanova qeyd edib ki, CQD-nin özəyini təşkil edən TAP və TANAP kəmərlərinin fiziki olaraq Bolqarıstan ərazisindən keçməməsinə baxmayaraq, Avropaya çıxış baxımından Bolqarıstan CQD-nin mühüm komponenti hesab olunur.

Azərbaycanın “Balkan” qaz qovşağı layihəsinə sərmayə qoyuluşunda maraqlı olması ilə bağlı sualı cavablandıran səfir Azərbaycan-Bolqarıstan münasibətlərində enerji sahəsində əməkdaşlığın inkişafının mühüm rol oynadığını, ölkəmizin Bolqarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı mühüm tərəfdaş görməsini qiymətləndirdiyini və qarşılıqlı faydalı enerji tərəfdaşlığının inkişafında Azərbaycanın Bolqarıstanla əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

O, davam edib ki, ARDNŞ xarici tərəfdaşlarla enerji əməkdaşlığının möhkəmləndirilməsində Balkan regionunu əsas regionlardan biri kimi qiymətləndirir. Səfir ARDNŞ-in cari il 4-6 sentyabr tarixində Varnada keçirilmiş Bolqarıstan ərazisində “Balkan” qaz paylayıcı mərkəzinin yaradılması konsepsiyası ilə bağlı sərmayəçilərin dəyirmi masasına dəvət edildiyini xatırladıb və bu məsələnin Bolqarıstan nümayəndə heyətinin 28-30 sentyabr 2016-cı il tarixində Azərbaycana səfəri zamanı da müzakirə olunan məsələlər arasında olduğuna diqqət çəkib. O, Bolqarıstan tərəfinin təkliflərinin hazırda azərbaycanlı tərəfdaşları tərəfindən nəzərdən keçirildiyini qeyd edib.

Jurnalistin nəqliyyat sahəsində əməkdaşlıq imkanları barədə sualına cavab olaraq səfir bildirib: “Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin vacib iştirakçısı kimi nəzərdən keçirilir. Ölkə daxilində, eləcə də regionda müasir infrastrukturun yaradılmasında əldə etdiyi nailiyyətlər, hər iki beynəlxalq dəhlizin kəsişməsində əlverişli coğrafi mövqeyi, eləcə də Qara, Aralıq dənizlərinin və Fars Körfəzinin dərin su limanlarına yaxınlığı, maliyyə dayanıqlığından irəli gələrək böyük həcmdə sərmayə qoymaq imkanı, trans-regional layihələrin icrasında çoxtərəfli əməkdaşlıq təcrübəsi kimi amillər Azərbaycanı bu coğrafiyadakı bütün tranzit layihələrin əvəzolunmaz iştirakçısı kimi təsbit edib”.

O, nəqliyyat sahəsinin ölkələrimiz arasında prioritet əməkdaşlıq sahəsi olduğunu, Azərbaycanın Bolqarıstan üçün Mərkəzi Asiya bazarlarına çıxış imkanı əldə etmək baxımından “qapı” rolunu oynadığını, Bolqarıstanın isə Azərbaycana Avropanın digər ölkələrinə çıxış əldə etməyə imkan yaratdığını qeyd edib.

O, davam edib ki, Azərbaycan və Bolqarıstan arasında Ticarət-iqtisadi və Elmi-texniki əməkdaşlıq haqqında Komissiyanın Bakıda keçirilən 4-cü iclasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əlverişli platforma rolunu oynayır.

Həmçinin iclas çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sözügedən sənəd Bakı limanı ilə Bolqarıstanın Burqas və Varna limanları arasında əməkdaşlığın qurulmasını nəzərdə tutur. Səfir gələn il yol nəqliyyat sahəsində ekspert görüşlərinin təşkil ediləcəyi barədə məlumat verib.

İKT sahəsində əməkdaşlıq imkanları barədə söz açan səfir Azərbaycan Prezidenti İlham Əliyevin 3-5 mart 2015-cı il Bolqarıstana səfəri zamanı imzalan Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamədə hər iki ölkənin İKT sahəsində əməkdaşlığın dərinləşməsi ilə bağlı niyyətlərin təsbit olunduğunu və səfər çərçivəsində elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sSazişin imzalandığını xatırladıb.

29 sentyabr 2016-cı il tarixində Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda İKT sahəsi üzrə ixtisaslaşan bolqar şirkətlərinin Azərbaycanlı həmkarları ilə faydalı danışıqlar apardığına ümid etdiyini ifadə edib. İclas çərçivəsində həmçinin İKT sahəsində əməkdaşlıq imkanları barədə müzakirə aparıldığını vurğulayan səfir Bolqarıstan operatorlarının telekommunikasiya şəbəkələrinin Azərbaycan tərəfindən irəli sürülən və BMT-nin müvafiq qətnamələri vasitəsilə dəstəklənən Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin tərkib hissəsi kimi istifadə etmək imkanı ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

Ölkələrimiz arasında digər əməkdaşlıq sahələrinə toxunan səfir kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Diplomat həmçinin 29-30 sentyabr 2016-cı il tarixində Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forum barədə məlumat verərək bildirib ki, Bolqarıstanı tədbirdə vitse-prezident Marqarita Popovanın rəhbərliyi nümayəndə heyəti təmsil edib. Səfər çərçivəsində vitse-prezident Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından olan və bolqarşünaslıq fakültəsinin tədris edildiyi Bakı Slavyan Universitetinə (BSU), eləcə də universitet nəzdində fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzinə baş çəkmişdir. Səfər çərçivəsində həmçinin BSU-da Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Xaricdə yaşayan bolqarlar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bolqarıstanın Slavyan dünyasına töhfəsini əks etdirən sərgi təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti