...

Mərkəzi Asiya ölkələrinin "Cənub Qaz Dəhlizi"nə qoşulma perspektivləri müzakirə olunub

Energetika Materials 28 Noyabr 2016 17:50 (UTC +04:00)
Energetika Nazirliyində Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.
Mərkəzi Asiya ölkələrinin "Cənub Qaz Dəhlizi"nə qoşulma perspektivləri müzakirə olunub

Bakı. Trend:

Energetika Nazirliyində Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirin müavini Natiq Abbasovun rəhbərliyi ilə Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti arasında keçirilən görüşdə enerji əməkdaşlığının perspektivləri əsas müzakirə obyekti olub.

Aİ nümayəndəliyinin rəhbəri Malena Mard təşkilatla Azərbaycan arasında enerji müstəvisində mövcud əməkdaşlıq əlaqələrinin “Cənub Qaz Dəhlizi” layihəsi ilə daha da güclənəcəyini deyib. O, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların başlanması üçün mandatın verildiyini qeyd edərək, enerji əməkdaşlığı sahəsində bu yeni sənəddən irəli gələn məsələlərin müəyyənləşdirilməsi və müzakirəsinin vacibliyini diqqətə çatdırıb.

Aİ ilə hərtərəfli, xüsusilə də enerji əməkdaşlığına dair danışıqlar prosesinin əhəmiyyətli olacağını vurğulayan energetika nazirinin müavini N.Abbasov isə deyib ki, imzalanan hər bir sənəd ikitərəfli maraqları qorumaq şərtilə əməkdaşlıq münasibətlərinin inkişafını təmin etməlidir. N.Abbasov Avropa bazarlarına çıxışın Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən olduğunu deyərək, bu istiqamətdə həyata keçirilən “Cənub Qaz Dəhlizi”nin icrası ilə bağlı son vəziyyət barədə məlumatları, eləcə də Avropanın enerji təhlükəsizliyi aspektində görülən mühüm tədbirlərin dəyərləndirilməsini qonaqların diqqətinə çatdırıb.

Görüşdə Mərkəzi Asiya ölkələrinin “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulma perspektivləri, “Türk axını” layihəsinin CQD-nin genişləndirilməsinə mümkün təsirləri, İranla enerji əməkdaşlığı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə potensialının artırılması və enerji səmərəliliyi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin dünya enerji bazarında neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığını aradan qaldırmaq üçün reallaşdırılan intensiv tədbirlərdən və iqtisadiyyatın şaxələndirilməsi kursundan bəhs edilib. Mühüm tədbirlərdən biri kimi Azərbaycanda texnoparkların yaradıldığı və prosesin inkişafına impuls vermək üçün 7 il müddətinə vergi güzəştlərinin tətbiq edildiyi vurğulanaraq, Avropa şirkətləri bu sahədə iştiraka dəvət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti