...

Neft Fondunda şəffaflıq üzrə iclas keçirilib

Energetika Materials 5 Dekabr 2016 19:55 (UTC +04:00)
Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib.
Neft Fondunda şəffaflıq üzrə iclas keçirilib

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli qrupun (ÇQ) növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı tərəflər MHŞT İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi qərar və islahedici tədbirlər, MHŞT-nin Azərbaycanda təsirinin təhlili, 2015-ci il üzrə şirkətlər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin əhəmiyyətliliyinin yoxlanılması, kvazi-fiskal xərclər haqqında anlayışın müəyyən edilməsi və Benefesiar Sahiblik Məlumatlarının Açıqlanması üzrə Yol Xəritəsinin yekun layihəsini müzakirə etmiş və müvafiq qərarlar qəbul ediblər.

İclasda eyni zamanda “Moore Stephens” şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə 2015-ci ili əhatə edən hesabatı ÇQ üzvlərinə təqdim edilib.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti