...

SOCAR yeni bitum qurğusunun tikintisi ilə bağlı müqavilə imzalayıb

Energetika Materials 17 Aprel 2017 16:50 (UTC +04:00)
Heydər Əliyev adına Neft Emalı Zavodunda “Azfen” şirkəti ilə yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi keçirilmişdir.
SOCAR yeni bitum qurğusunun tikintisi ilə bağlı müqavilə imzalayıb

Bakı. Trend:

Heydər Əliyev adına Neft Emalı Zavodunda “Azfen” şirkəti ilə yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, mərasimdə şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, H.Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov, eləcə də hər iki qurumun rəhbər nümayəndələri iştirak ediblər.

T.Qəhrəmanov layihənin ölkə üçün əhəmiyyətindən danışıb, zavodda aparılan işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2016-cı ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni Bitum qurğusu H.Əliyev adına NEZ-in modernizasiya və yenidənqurulması layihəsi çərçivəsində tikilir. “Azfen” şirkəti qurğunun tikinti-quraşdırma işlərini həyata keçirəcək yerli podratçının müəyyən olunması məqsədilə keçirilən seçim prosedurunun qalibi olub. Vitse-prezident bu münasibətlə “Azfen” şirkətinin bütün kollektivini təbrik edib, uğurlar arzulayıb. “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov göstərilən etimada görə təşəkkürünü bildirib, zavodda aparılacaq tikinti işlərinin beynəlxalq standartlara uyğun və vaxtında icra olunacağına əminliyini ifadə edib. Sonda Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanıb. Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov imzalayıblar.

Qeyd edək ki, H.Əliyev adına NEZ-də aparılan yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa ediləcək yeni bitum qurğusunun illik istehsal gücü 400 min ton olacaq və qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal olunacaqdır. Qurğunun 2018-ci ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur. Bununla da keçmiş “Azərneftyağ” neft emalı zavodunun tamamilə istismardan çıxarılması və dənizkənarı ərazilərin boşaldılaraq “Ağ şəhər” layihəsinə təhvil verilməsi təmin ediləcək, zavodun istismar xərcləri optimallaşdırılacaq, nəticədə Bakı şəhərində ekoloji durumunun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti