...

DÖVLƏT NEFT ŞİRKƏTİ 6 XARİCİ ŞİRKƏTLƏ YATAQLARIN İŞLƏNMƏSİ ÜÇÜN DANIŞIQLAR APARIR

Energetika Materials 12 Avqust 2005 16:47 (UTC +04:00)

Dövlət Neft Şirkəti (ARDNŞ) bəzi xarici şirkətlərlə Azərbaycanın bir sıra quru neft yataqlarının gələcəkdə işlənməsi və bərpa edilməsi məqsədilə danışıqlar aparır. Bu barədə avqustun 12-də ARDNŞ-in rəhbəri Natiq Əliyev mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, hazırda ABŞ, Çin və bəzi Avropea ölkələrindən olan 6-ya qədər şirkət bu məsələyə maraq göstərib. "Onlar köhnə yataqları bərpa etmək və neft hasil etmək istəyirlər.

Lakin bizim onlar qarşısında qoyduğumuz əsas şərt yataqların abadlaşdırılması, neftlə çirklənmiş ərazilərin bərpası, təmizlənməsi və sairədən ibarətdir", - deyə o bildirib.

Dənizdəki neft-qaz əməliyyatlarına gəlincə, ARDNŞ-in rəhbəri bildirib ki, bu gün Xəzərdə kəşfiyyat işləri aparmaq çox risqlidir və böyük investisiyalar tələb edir.

Yeni texnologiyalardan və müasir qazma qurğularından istifadə etmək zərurəti mövcuddur. "Məsələn, ExxonMobil "Naxçıvan" da bir kəşfiyyat quyusu qazıb və onun dəyəri 80 milyon dollar təşkil edir.

Hesab edirik ki, "Naxçıvan" - neft-qaz strukturudur. ExxonMobil ona kommersiya nöqteyi-nəzərdən baxır və buna görə də orada işləri davam etdirmir", - deyə o bildirib.

ARDNŞ rəhbəri bildirib ki, bu gün Dövlət Neft Şirkəti üçün xarici investisiyaların hesabına Xəzərin strukturları barədə geoloji və geofiziki məlumatlar əldə etmək çox qiymətlidir. "Və biz bu risqi xarici şirkətlərə həvalə edirik", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti