...

2008-Cİ İLƏDƏK AZƏRIQAZ AZƏRBAYCANIN 4 RAYONUNA QAZ ÇƏKİLMƏSİNİ BAŞA ÇATDIRMAQ NİYYƏTİNDƏDİR

Energetika Materials 6 Sentyabr 2005 16:05 (UTC +04:00)

Azəriqaz QSC 2008-ci ilədək Azərbaycanın hazırda yanacaqla təmin edilməyən 4 rayonuna (İmişli, Beyləqan, Lerik, Yardımlı) qaz çəkilməsini başa çatdırmaq niyyətindədir. Trend bildirir ki, bu barədə sentyabrın 6-da Azəriqaz QSC-nin sədr müavini Nazim Səmədzadə bildirib.

Onun sözlərinə görə, qarşıdakı payız-qış mövsümündə İmişli rayonunun qaz paylaşdırıcı şəbəkəsinin və qaz təchizatının bərpa edilməsi planlaşdırılır.

Burada İmişli ilə Saatlı arasında 33 km uzunluğunda olan qaz xəttinin təmiri başa çatdırılır.Həmçinin rayonun daxilində qaz xətlərinin yoxlama işləri aparılır.

N.Səmədzadə qeyd edib ki, 2006-2007-ci illərin payız-qış mövsümünədək Beyləqan və Ağcabədi, 2008-ci ilədək isə Lerik və Yardımlı rayonlarının qaz təchizatı bərpa ediləcək.

"Hazırda Lerik, Yardımlının qaz təchizatının layihələşdirilməsi aparılır, belə ki, bu rayonların relyefi dağlıqdır və problem yaradır" -deyə o bildirib.

Adıçəkilən 4 rayona qaz çəkilməsi üçün 82,5 mlrd. manat ($17,5 mln.-dan çox) sərmayə qoymaq lazımdır. Xüsusilə Beyləqan rayonunun təmin edilməsi üçün 24 mlrd. manat ($5,1 mln.-dan çox) tələb olunur.

Orada uzunluğu 65 km olan qaz kəməri yenidən qurulmalıdır.Ağcabədi rayonu üçün 16,5 mlrd. manat ($3,5 mln.-dan çox) lazımdır ki, burada 45 km uz-da qaz kəmərinin yenidən qurulması lazımdır.

İmişli - 10,5 mlrd. manat ($2,23 mln.-dan çox və 90 km uz-da qaz kəməri), Yardımlı - 10,5 mlrd. manat ($2,23 mln.-dan çox və 42 km), Lerik - 21 mlrd. manat ( $4,45 mln.-dan çox və 79 km) tələb olunur.

Bu işlər Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının Dövlət proqramı çərçivəsində nəzərdə tutulub.Hazırda Bakı ilə yanaşı 49 rayon da təbii qazla təmin olunub.

Xəbər lenti

Xəbər lenti