...

SALYAN OİL ŞİRKƏTİNİN BU İL "KÜRSƏNGİ-QARABAĞLI" YATAĞINA QOYDUĞU İNVESTİSİYA 35 MLN DOLLARI KEÇİB

Energetika Materials 14 Sentyabr 2005 12:48 (UTC +04:00)

Salyan Oil Limited (SOL) əməliyyat şirkəti cari ildə "Kürsəngi-Qarabağlı" müqavilə sahəsinin işlənməsi üzrə layihəyə 35 mln dollardan artıq vəsait sərf edib. Layihədə iştirak edən AR DNŞ-dən Trend ə verilən məlumata görə, şirkət cari ildə layihə çərçivəsində 47 mln dollar həcmində investisiya qoymağı planlaşdırır, bu həcmin 70-80%-i artıq layihəyə sərf olunub.

Salyan Oil cari ildə "Babazanlı" yatağında bir kəşfiyyat quyusu, "Kürsəngi" yatağında isə bir istismar quyusu istismara verib. Qazma zamanı şirkətin bir sıra problemlərlə üzləşdiyinə baxmayaraq, o, müqavilə üzrə öhdəlikləri yerinə yetirib. Quyuların qazılması üzrə Salyan Oil şirkətinin podratçısı Çinin Great Wall Drilling şirkətidir.

Hazırda SOL "Qarabağlı" yatağında ikinci istismar və kəşfiyyat quyularının qazılmasını həyata keçirir. AR DNŞ-dən bildiriblər ki, qazma zamanı hələlik heç bir problem yoxdur. Qazma işləri təxminən 2 min metr dərinlikdə həyata keçirilir. Kəşfiyyat quyusunun layihə dərinliyi 4400 metrdir. İşlər avqustda başlanıb və ilin sonuna kimi quyunun hazır olacağı planlaşdırılır. İstismar quyusunun layihə dərinliyi 3500 metrdir. İlk vaxtlar o, su sıxıcı quyu kimi, daha sonra isə neft quyusu kimi fəaliyyət göstərəcək.

"Kürsəngi-Qarabağlı" yatağının geoloji ehtiyatları 100 mln ton neft, neft çıxarma əmsalı 0,2-0,3-dür. Blokdan hasil edilən xammal ehtiyatları 25 mln tona bərabərdir. Hazırda yatağın 20%-i işlənib.

Xəbər lenti

Xəbər lenti