...

LUKOYL XƏZƏRDƏ ƏLAVƏ KƏŞFİYYAT İŞLƏRİ APARIR

Energetika Materials 21 Sentyabr 2005 13:38 (UTC +04:00)

(Röyter) - Yalama layihəsinin operatoru olan Rusiyanın LUKOYL neft şirkəti Xəzərin bu strukturunda ikinci kəşfiyyat quyusunun qazılması üçün yeri müəyyən etmək məqsədilə əlavə seysmik kəşfiyyat işləri aparır. Bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

"Yalama bloku sahəsinə görə böyükdür (3.000 kvadrat kilometr). Mayın sonlarında LUKOYL birinci kəşfiyyat quyusunun qazılmasını başa çatdırıb. Blok üzrə informasiyanı dəqiqləşdirmək üçün biz LUKOYL şirkətilə onun seysmik tədqiqatının keçirilməsi barədə razılığa gəldik.Birinci quyu üzrə informasiyaların yekunlarını birləşdirməklə biz ikinci kəşfiyyat quyusunun qazılacağı yeri müəyyən edə bilərik ", - deyə Yusifzadə bildirib.

Onun fikrincə, əlavə seysmik araşdırmalar və ikinci quyunun qazılması 2006-cı ildə həyata keçiriləcək.

LUKOYL Xəzərin Azərbaycan və Rusiya sektorunun qovuşduğu ərazidə yerləşən Yalamada birinci kəşfiyyat quyusunun qazılmasına 50 milyon dollardan artıq vəsait sərf edib və burada kommersiya baxımından sərfəli karbohidrogen ehtiyatları aşkar etməyib.

ARDNŞ Yalamada 800 milyon barel neftin və 50 milyard kubmetr qazın mövcud olduğunu istisna etmir.

Yalama üzrə LUKOYL şirkəti ilə ARDNŞ arasında müqaıvilə 1997-ci ildən qüvvədədir. 2003-cü ildə müqavilədə ARDNŞ-in payının əvvəllər nəzərdə tutlumuş 40 faiz əvəzinə 20 faizə enməsi ilə bağlı Rusiyanın payının 60 faizdən 80 faizə qədər artması nəticəsində dəyişikliklər edilib.

Xəbər lenti

Xəbər lenti