...

SUMQAYIT ELEKTRİK STANSİYASI 2007-Cİ İLİN OKTYABRINDA İSTİSMARA VERİLƏCƏK

Energetika Materials 1 Oktyabr 2005 14:05 (UTC +04:00)

Almaniyanın Siemens şirkətinin tikintisini həyata keçirdiyi Sumqayıt elektrik stansiyası 2007-ci ilin oktyabrında istismara veriləcək. Bu barədə Trend ə həmin elktrik stansiyasının direktoru Vüqar Şahmuradov bildirib.

Onun sözlərinə görə, Siemens 506 MVt gücündə, müxtəlif vallarda yerləşmiş 2 qaz turbini, bir buxar turbini və üç generatordan ibarət buxar-qaz qurğusunun (BQQ) quraşdırılmasını həyata keçirir. Bu, stansiyanın işini dayandırmadan qurğuda təmir işləri aparmağa imkan verir.

"Qış dövründə qızğın vaxtlarda Sumqayıtın tələbatı 270 MVt təşkil edir.Bu rəqəm SES istismara verilənədək dəyişə bilər, belə ki, şəhərdə elektrik enerjisindən böyük həcmdə istifadə edən yeni obyektlər açıla bilər.

Hesab edirik ki, hasil edilən elektrik enerjisinin 40-45%-i Sumqayıtın tələbatlarına, qalan hissə isə enerji sisteminə yönəldiləcək" -deyə o bildirib.

V.Şahmuradov bildirib ki, elektrik stansiyasının ərazisi 48 HA, BQQ-nın tikintisi isə onun yalnız bir hissəsini təşkil edir.Bu, gələcəkdə burada ikinci BQQ-nın tikintisinə imkan verir, amma bu, tələbatdan asılı olacaq.

SES-nin direktoru həm də qeyd edib ki, burada 1 kVt/s elektrik enerjisi hasilatı üçün təxminən 230 q şərti yanacaq sərf olunacaq ki, bu da Azərbaycan DRES, Əli Bayramlı DRES və digər elektrik stansiyaları ilə müqayisədə xeyli aşağı göstəricidir.

Bundan öncə, Sumqayıtda iki istilik elektrik stansiyası (İES) vardı.Amma 2001 -ci ildə Azərenerji SC yanacağın böyük sərfi ilə əlaqədar ( dünya standartlarında 1 kVt/s üçün 200-250 qr olduğu halda 1 kVt/s elektrik enerjisi üçün 700-800 qramadək şərti yanacaq ) istismarı dayandırdı.

Layihənin dəyəri yeni qaz xəttinin çəkilməsi də daxil olmaqla təxminən 300 mln avro təşkil edəcək.Stansiyanın öz dəyəri isə 250 mln. avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti