...

Dünya bankı və ARDNŞ qrant sazişi imzalayıb

Energetika Materials 10 Noyabr 2005 13:14 (UTC +04:00)
Dünya bankı və ARDNŞ qrant sazişi imzalayıb

Noyabrın 10-da ARDNŞ prezidenti Natiq Əliyev və Dünya bankının Cənubi Qafqaz üzrə direktoru Dona Dauset-Koyrolo ARDNŞ-nin öz xüsusi vəsaitləri hesabına neft-qaz əməliyatları apardığı "Günəşli" yatağının azsulu hissəsində səmt qazının istifadəsi layihəsinə hazırlıqla bağlı Yaponiya qrantına dair saziş imzalayıb.

Trend bildirir ki, sazişin imzalanması zamanı ARDNŞ rəhbəri qrantın "Günəşli"dən səmt qazının istifadəsi üzrə investisiyaların cəlb edilməsi üçün proqramın hazırlanmasına yönəldiləcəyini deyib.Qrantın həcmi $481,25 min təşkil edir.

"Bu gün dünyada neftlə yanaşı təbii qazdan istifadə də artır.Buna görə də yataqdan səmt qazının məqsədyönlü istifadəsi böyük əhəmiyyət kəsb edir.Hazırda "Günəşli"dən ətraf mühitə sutkada 1,6 mln. m3 qaz atılır. "Çıraq" yatağından tullantıların həcmi sutkada 800 min m3 təşkil edir. Bu qazın istifadəsi yaşayış məskənlərini yanacaqla təmin etməyə, habelə ekologiyanı mühafizə etməyə imkan verəcək" -deyə o qeyd edib.

"Çıraq" yatağının işlənib-hazırlanması ilə BP-nin başçılıq etdiyi ABƏŞ məşğul olur.

D. Dauset-Koyrolonun sözlərinə görə, parnik qazlarının ətraf mühitə emissiyasını ləğv etmək üçün dünyada "Karbon Fondu" yaradılıb və burada artıq $1 mlrd. toplanıb. "Belə layihələrin gerçəkləşdirilməsində maraqlı olan ölkələrə bu fonddan kreditlər ayrılır" -deyə o bildirib.

Yaponiyanın Japan Oil Engineering Co şirkəti ARDNŞ-ə səmt qazının məqsədyönlü istifadəsinə dair məsləhətləşmə xidməti göstərir. Şirkət qaz itkisinin aradan qaldırılması, eləcə də qazdan elektrik stansiyalarında daha qənaətlə və səmərəli istifadə üçün araşdırmalar aparır.

Xəbər lenti

Xəbər lenti