...

Bakı ətrafındakı qəsəbələrin qaz təchizatının yaxşılaşdırılması üçün 111 mlrd. manat tələb olunur

Energetika Materials 27 Dekabr 2005 19:12 (UTC +04:00)

Azəriqaz QSC "Bakı ətrafındakı qəsəbələrin sosial-iqtisadi inkişafının Dövlət proqramı" çərçivəsində təkliflər hazırlayıb. Trend bildirir ki, dekabrın 27-də bu barədə Azəriqaz QSC-nin sədri Əlixan Məlikov bəyan edib.

Onun sözlərinə görə, hazırda təkliflər Azərbaycanın Nazhirlər Kabinetinə təqdim edilib. Layihə çərçivəsində qaz infrastrukturunun yenidən qurulması və bir sıra obyektlərin inşası nəzərdə tutulur.

"Xüsusilə Bakı ətrafındakı qəsəbələrin qaz təchizatının yaxşılaşdırılması üçün yeni qaz xətlərinin çəkilməsi, qaz tənzimedici və paylaşdırıcı məntəqələrin inşası nəzərdə tutulur" -deyə o bildirib.

Nəzərdə tutulan işlərin gerçəkləşdirilməsinə 111 mlrd. manat tələb olunur. "Lazım olan vəsaitin bir hissəsi - 29 mlrd. manat Azəriqaz QSC tərəfindən təqdim ediləcək. Qalan hissənin maliyyələşdirilməsi mənbəyinin müəyyən edilməsi üçün biz Nazirlər Kabinetinə müraciət etmişik və müvafiq qərarın qəbul ediləcəyini gözləyirik" -deyə Ə.Məlikov qeyd edib.

QSC sədrinin sözlərinə görə, qaz təchizatının yaxşılaşdırılması ilə bağlı işlər 2006-2007-ci illəri əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti