...

"Qazprom" Azərbaycana qazın verilməsini azaldıb

Energetika Materials 24 Yanvar 2006 17:29 (UTC +04:00)

"Azqaznəql" İstehsalat Birliyi ilə Gürcüstanın qaz nəql edən şirkətləri arasında Gürcüstana qazın verilməsi ilə bağlanmış razılaşma yalnız ölkənin öz ehtiyaclarının ödənilməsini nəzərdə tutur və onun üçüncü ölkəyə verilməsinə icazə vermir. Trend in məlumatına görə, bu barədə Azərbaycanın Sənaye və Energetika Nazirliyinin yanvarın 24-də yayılan press-relizində bildirilir.

Sənəddə göstərilir ki, "Qazprom"un bu gün Azərbaycana qazın nəqlini sutkada 17 mln kubmetrdən 12 mln kubmetrə qədər azaltmasına baxmayaraq, Azərbaycan tərəfi Gürcüstana 2 mln kubmetrdən az olmayaraq qazın verilməsmini davam etdirəcək. Bu, Gürcüstan paytaxtının qismən və Qardabani qaz kompressor stansiyasının fasiləsiz işləməsini təmin etməyə imkan verir.

Gürcüstana qaz Azərbaycanın yanacaq-energetika balansında fövqəladə vəziyyətlərdə istifadə üçün nəzərdə tutulan 120 mln kubmetr ehtiyat həcmdən verilir.

Nazirliyin məlumatında bildirilir ki, Rusiya KİV-nin "Qazprom"un Azərbaycana qazı Azərbaycan ərazisindən verəcəyi barədə bəyanatlara baxmayaraq, bu həqiqətə uyğun deyil. Azərbaycan nə "Qazprom"la, nə də "Qazeksport"la tranzit razılaşma imzalamadığına görə, öz ərazisindən qaz nəql edə bilməz.

Gürcüstana Azərbaycan qazı yalnız respublikanın daxili ehtiyatları hesabına nəql olunur.

Xəbər lenti

Xəbər lenti