...

Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma təhlükəsi azalıb

Telekommunikasiya Materials 15 Noyabr 2013 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan istifadəçilərinin kompüterlərinin 48,43 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Kasperski laboratoriyası"nın 2013-cü ilin III rübünün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir.

Məlumata görə, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə bu rəqəm 8,8 faiz azalıb.

İcmala əsasən, hesabat dövründə Azərbaycan internet vasitəsilə virusa yoluxma riski üzrə 20 ölkə arasında dördüncü yeri tutub.

TOP-10-a 49,66 - 38,21 faizlə daxil olan ölkələr Rusiya, Qazaxıstan, Ermənistan, Azərbaycan, Tacikistan, Vyetnam, Belarus, Ukrayna, Moldova və Qırğızıstandır.

Bundan başqa, daha çox virusa yoluxma riski ilə üzləşən 20 ölkə sırasına Gürcüstan, Almaniya, Yunanıstan, Türkiyə, Avstriya, Əlcəzair, Hindistan, Özbəkistan, Tailand və Şri Lanka daxildir.

Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət rüb ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.

Cari ilin üçüncü rübündə dünyanın müxtəlif ölkələrində yerləşən internet resurslarından edilən 500,2 milyondan artıq hücum dəf edilib.

Ötən dövr ərzində "Kasperski laboratoriyası"nın məhsulları 978,6 milyondan artıq zərərverici obyekt aşkar edərək zərərsizləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti