...

Azərbaycanın İT şirkətinin rəhbəri Qırğızıstanın İKT sahəsinin inkişafında töhfəsinə görə medalla təltif olunub

Telekommunikasiya Materials 30 Aprel 2014 10:40 (UTC +04:00)
SİNAM şirkətinin prezidenti Elçin Əliyev Qırğızıstanın Dövlət Vergi Xidməti tərəfindən həmin qurumda informasiya kommunikasiya texnologiyalarının inkişafına verdiyi töhfəsinə görə medalla təltif edilmişdir.
Azərbaycanın İT şirkətinin rəhbəri Qırğızıstanın İKT sahəsinin inkişafında töhfəsinə görə medalla təltif olunub

Azərbaycan, Bakı, 30 aprel /Trend/

SİNAM şirkətinin prezidenti Elçin Əliyev Qırğızıstanın Dövlət Vergi Xidməti tərəfindən həmin qurumda informasiya kommunikasiya texnologiyalarının inkişafına verdiyi töhfəsinə görə medalla təltif edilmişdir. Trend xəbər verir ki, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Qırğızıstanın Dövlət Vergi Xidmətinin (DVX) sədr müavini Oktyabr Abdıkaimovun sözlərinə görə, Elçin Əliyev Qırğızıstanda irimiqyaslı və mürəkkəb layihənin həyata keçirilməsinə görə mükafatlandırılmışdır. E.Əliyevin rəhbərlik etdiyi şirkət Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən İnteqrasiya Olunmuş Vergi İnzibatçılığı Sistemi (İTAS) layihəsini reallaşdırmışdır.

Sözügedən sistem DVX-ə bütün vergi xidmətinin fəaliyyətini dəyişməyə, onu dünya standartlarına uyğun, həmçinin Amerika və yaponiyanın vergi sahəsi üzrə aparıcı mütəxəssislərinin töhfələrini və təcrübələrini nəzərə almaqla yeni mərhələyə yüksəltməyə imkan vermişdir.

O. Abdıkaimov qeyd etdi ki, Azərbaycanın İT şirkətinin hazırladığı və tətbiq etdiyi sistemin əsas üstünlükləri bunlardır: vergi inzibatçılığının bütün əsas biznes-prosesləri əhatə etməsi, sistemin çevik şəkildə tənzimlənməsi, sistemin yerlərdə müşayiət olunma zərurətinin olmaması və analitik hesabatlılığın yardımılə idarə qərarlarının verilməsinə dəstək.

Sistem vergi xidmətində çalışan əməkdaşlara yeni vergiləri və hesabatları müstəqil sürətdə daxil etməyə, biznes-prosesləri, daxiletmə formalarını, həmçinin risklərin qiymətləndirilmə meyarlarını çevik şəkildə tənzimləməyə imkan verir. Sistem çərçivəsində qərarların verilməsi üçün çox göstəricili analitikanı və səmərəli hesabatları əldə etmək olar.

SİNAM şirkətinin prezidenti Elçin Əliyev qeyd etdi ki, hazırda SİNAM vergi xidmətləri üçün nəzərdə tutulan həllərə malik qlobal İT şirkətlər siyahısına daxildir. Bu cür həllərə dünyada böyük tələbat var, çunki bir çox ölkələrdə elektron hökümətin tətbiqinə start verilmişdir. SİNAM şirkəti vergi xidmətləri üçün işlənib hazırlanmış bu sistemi digər ölkələrdə də tətbiq etməyi planlaşdırır. Hazırda şirkət Tanzaniyada avtomatlaşdırılmış vergi sisteminin hazırlanması üzrə keçirilən tenderdə iştirak edir.

E.Əliyevin fikrinə görə, Azərbaycanın İT-şirkətlərinin xarici bazarlara çıxışı ölkənin ixrac potensialını artırmağa və ölkə rəhbərliyinin İKT sektorunun üzərinə qoyduğu tapşırıqları reallaşdırmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti