...

Azərbaycanda HD keyfiyyətdə yayımlanacaq ilk telekanal hansı olacaq?

Telekommunikasiya Materials 5 Dekabr 2014 16:57 (UTC +04:00)
Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “Xəzər TV” MMC hazırda 11169/H/20400 tezliyi ilə "Azerspace-1" peyki üzərindən SD (standard definition) keyfiyyətində yayımlanan Xəzər TV-nin 2015-ci ildən etibarən HD (high definition) keyfiyyətində yayımına dair anlaşma memorandumu imzalayıblar.
Azərbaycanda HD keyfiyyətdə yayımlanacaq ilk telekanal hansı olacaq?

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC və "Xəzər TV" MMC hazırda 11169/H/20400 tezliyi ilə "Azerspace-1" peyki üzərindən SD (standard definition) keyfiyyətində yayımlanan Xəzər TV-nin 2015-ci ildən etibarən HD (high definition) keyfiyyətində yayımına dair anlaşma memorandumu imzalayıblar.

ASC-dən Trend-ə verilən məlumata görə, memorandum "BakuTel-2014" Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində imzalanıb. Memoranduma əsasən, kanal 2015-ci ildə öz infrastrukturunu ən müasir texnologiyaya uyğun olan, habelə HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək, televiziya məhsullarını HD keyfiyyətində istehsal edəcək və Azərbaycan kanalları arasında HD keyfiyyətdə yayımlanacaq ilk telekanal olacaq.

Qeyd edək ki, HD formatda olan təsvirdə SD formatla müqayisədə ortalama iki dəfə daha çox piksel (təsviri formalaşdıran element) olur. Təsvir nə qədər çox pikseldən ibarətdirsə, onun keyfiyyəti də bir o qədər yüksəkdir. Nəticə etibarilə HD formatda olan görüntü daha dolğun olur və öz növbəsində, tamaşaçıya daha yüksək keyfiyyətli görüntü izləmək imkanı verir.

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə ikinci telekommunikasiya peykinin ortitə çıxarılması və Yer səthinin məsafədən müşahidəsinə dair kommersiya xidmətlərinin göstərilməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti