...

"Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər"

Telekommunikasiya Materials 18 Dekabr 2014 18:01 (UTC +04:00)
“Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda "dəyirmi masa" keçirilib.
"Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər"

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Beynəlxalq Mətbuat Mərkəzində "Vergilər" qəzetinin və "Professional mühasib" jurnalının təşkilatçılığı ilə "Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Tədbirdə Vergilər Nazirliyinin, Mərkəzi Bankın, İqtisadiyyat və Sənaye Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin, "Atabank" ASC-nin nümayəndələri iştirak etmişlər.

Tədbirdə dövlət qurumlarının elektron xidmətlərin tətbiqi sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran mühüm vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur.

"Vergilər" qəzetinin baş redaktoru Anar Əliyev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə son illər elektron hökumət quruculuğu və elektron xidmətlərdən istifadə sahəsində çoxşaxəli tədbirlər həyata keçirildiyini, bu məqsədlə müvafiq qanunvericilik bazasının formalaşdırıldığını, bir sıra dövlət proqramlarının qəbul edildiyini bildirmişdir. Qeyd edilmişdir ki, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" "e-hökumət"in yaradılması istiqamətində atılmış çox mühüm addım olmuşdur. Proqram çərçivəsində əksər dövlət orqanlarının internet saytları yaradılmış və gov.az domenində yerləşdirilmişdir. "Elektron Azərbaycan" Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə etmişdir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin dövlət qeydiyyatı və uçotun təşkili idarəsinin rəisi İlkin Həsənov son illərdə vergi sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi korporativ şəbəkə sistemi üzərindən Vergilər Nazirliyinin "Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi" (AVİS) vasitəsilə həyata keçirilir.

İ.Həsənov elektron bəyannamələrin tətbiqini xüsusilə qeyd etmiş, bu sistemin hesabına vergi ödəyicilərinin vergi orqanına gəlmədən və vergi orqanın əməkdaşı ilə kontakta girmədən, onun üçün rahat olan bir şəraitdə bəyannaməni tərtib edərək internet vasitəsilə təqdim etmək, öz şəxsi hesab vərəqəsinə baxa bilmək və büdcəyə olan borcları barədə məlumatlar əldə etmək imkanı verdiyini bildirmişdir.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin şöbə rəisi Azər Şirinov vergi sistemində tətbiq olunan elektron xidmətlərin əhəmiyyətinə toxunmuş, hazırda Vergilər Nazirliyi tərəfindən 58 elektron xidmətin göstərildiyini qeyd etmişdir. Bildirilmişdir ki, hazırda elektron xidmətlər bütövlükdə vergi ödəyicilərinə göstərilən xidmətlərin 29,2 faizini təşkil edir.

Tədbirdə çıxış edən digər natiqlər "Elektron hökumət" quruculuğunda modern və çevik idarəetmənin təmin olunması, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması barədə mülahizələrini söyləmişlər. Qeyd olunmuşdur ki, hazırda "Elektron hökumət" portalında 47 dövlət qurumu tərəfindən 387 elektron xidmət vətəndaşların istifadəsinə verilmişdir. Bildirilmişdir ki, əgər elektron hökumət quruculuğunda ilk dövrlər əsas səylər sosial xidmətlərin elektronlaşması və "bir pəncərə" prinsipi üzrə portalda birləşməsi üzərində cəmlənmişdisə, bu gün artıq təqdim olunan xidmətlərin sadələşdirilməsi, eləcə də istifadəçi imkanlarının artırılması istiqamətində işlər aparılır və portalın sosial əhəmiyyətli funksionallığının artırılmasına da xüsusi önəm verilir.

Tədbir iştirakçıları çıxışlar ətrafında geniş müzakirələr aparmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti