...

"Azərbaycan iqtisadiyyatının gələcək inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır"

Telekommunikasiya Materials 19 Dekabr 2014 15:38 (UTC +04:00)
Azərbaycan alimləri böyük elmi nəticələr qazanıblar ki, bunlar da ölkə iqtisadiyyatının müxtəlif sektorlarında bilavasitə tətbiq edilə bilər.
"Azərbaycan iqtisadiyyatının gələcək inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır"

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan alimləri böyük elmi nəticələr qazanıblar ki, bunlar da ölkə iqtisadiyyatının müxtəlif sektorlarında bilavasitə tətbiq edilə bilər. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Alimlərinin I Qurultayında "İnnovativ inkişaf: müasir baxış" mövzusunda məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində "təmiz otaq" yaradılıb və orada tətbiq edilən LED işıqlandırma ilə bağlı yeni ekoloji təmiz və qənaətcil sərfəli elementlər, eləcə də Azərbaycan neftindən əldə edilmiş karbon nano-borucuqlar yerli elmə töhfədir.

Ə. Abbasov bildirib ki, qurultayda müzakirə ediləcək məsələlər, burada yaranan yeni ideyalar və qəbul edilən qərarlar ölkənin elmi-texniki inkişafı strategiyasının əsasını təşkil edəcək: "Bu, həmçinin ümumilikdə respublika iqtisadiyyatının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir".

O, məruzəsində ölkə iqtisadiyyatının inkişafına xüsusi diqqət ayırıb. Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında respublika yeni inkişaf mərhələsinə qədəm qoyub: "Dünya İqtisadi Forumunun hesabatlarına əsasən, son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyanın ən dinamik inkişaf etmiş iqtisadiyyatlarından biridir, ümumilikdə makroiqtisadi sabitlik əldə olunub. Bunun nəticəsində respublika iqtisadiyyatın rəqabətqabiliyyəti reytinqinə görə 38-ci, İKT-nin inkişafı üzrə 49-cu, hökumətin İKT-nin gələcək inkişafına münasibəti üzrə isə 6-cı yeri tutub. Lakin əsas məqsədimiz yerli iqtisadiyyatın neft sektorundan asılılığının minimuma endirilməsidir. Dövlət başçısının təsdiq etdiyi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əsas məqsəd kimi qeyri-neft sektoru hesabına adambaşına düşən ÜDM-in həcminin ikiqat artırılması qoyulub".

Ə.Abbasov deyib ki, ölkənin innovativ inkişafı siyasəti "qızıl üçbucaq" adlandırılan 3 təmələ söykənir: "Bunlar insan kapitalı, əlverişli mühit və maliyyə kapitalıdır. Eyni zamanda, qlobal rəqabət şəraitində respublikanın insan potensialının ardıcıl artırılması və gənc, yaradıcı, yüksək intellektuallı insanlardan dövlətin innovativ inkişafının təmin edilməsi məqsədi ilə maksimum istifadə etmək lazımdır".

Nazir qeyd edib ki, İKT, nanotexnologiyalar, mikroelektronika, biotexnologiya, kosmik, nüvə və digər elmtutumlu sahələrdə kadr hazırlığı prioritet istiqamətlərdən hesab edilir: "İnsan resurslarının inkişafı məqsədi ilə aparılan islahatlar çərçivəsində hazırda dəqiq elmlər üzrə mühəndislik və digər fakültələrində tədrisin keyfiyyəti artırılır, qeyd edilən ixtisaslar üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin sayı artırılır. Özəl şirkətlərin vəsaitləri hesabına təşkil edilmiş fondumuz bu istiqamətdə fəaliyyət göstərir. Eyni zamanda, işdə təhsil almaq modelinin geniş tətbiqinə zərurət var".

O, əlavə edib ki, elmin inkişafı və onun səmərəliliyinin artırılması bir çox faktorlardan asılıdır: "Elmin inkişafı üçün əsas şərtlər bunlardır: onun maddi-texniki və informasiya bazasının gücləndirilməsi, gənc alim və mütəxəssislərə dəstək, onların xaricdə tanınmış elmi müəssisələrdə təcrübə keçməsi, birgə araşdırmaların aparılması və əqli mülkiyyətin qorunmasıdır".

Nazirin sözlərinə əsasən, Azərbaycanda ilk dəfə keçirilən alimlərin qurultayı elmin inkişafı, yeni ideyaların yaranması məsələləri ilə bağlı müzakirələr və ən əsası, elmin gələcək inkişafının yeni yollarının müəyyənləşdirilməsi üçün yaxşı platformadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti