...

Azərbaycan "beyin axını"na yol verməməlidir

Telekommunikasiya Materials 19 Dekabr 2014 17:50 (UTC +04:00)
Azərbaycanda innovativ inkişaf üçün hər cür şərait yaradılıb.
Azərbaycan "beyin axını"na yol verməməlidir

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda innovativ inkişaf üçün hər cür şərait yaradılıb. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan alimlərinin I Qurultayında "İnnovativ inkişaf: müasir baxış" mövzusunda məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə əsasən, təəssüf ki, hazırda innovasiya və elm arasında münasibət aşağı səviyyədədir ki, bu da ölkənin innovativ inkişafı üçün böyük maneədir: "Hazırda dünyada qlobal innovativ məhsul istehsalı təqribən 500 transmilli şirkətin əlində cəmləşib. Təkcə ABŞ-ın 5 iri İT şirkətinə yatırılan investisiyalar İslam dünyasının bütün ölkələrinin bu sahəyə xərclədiyi vəsaiti üstələyir. Mühəndislik və tətbiqi elmlərin inkişafı üzrə imkanların yaradılması Azərbaycan üçün vacibdir ki, bu da innovativ inkişaf üçün böyük əhəmiyyətə malikdir. Ölkənin innovativ inkişafı üzrə işlərin böyük hissəsi Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə düşür".

Nazir qeyd edib ki, bu işdə sahibkarlığa dəstək, biznes və elmin fəaliyyətinin əlaqələndirilməsi də önəm kəsb edir: "Əks halda Azərbaycan 80-ci illərdə olduğu kimi, "beyin axını"nın yeni dalğası ilə üzləşə bilər. "Beyin axını"ndan dəyən zərərin iqtisadi tərkib hissəsindən danışsaq, bu, 1 trilyon dollar həcmində qiymətləndirilir. Qərb ölkələrinə 80-ci illərdə SSRİ-ni tərk edən yüksəkixtisaslı kadrların hazırlanması üçün bu qədər vəsait lazım olardı. Hazırda Azərbaycanın belə problemlərlə üzləşməməsi çox önəmlidir. Bunun üçün əlverişli biznes mühiti yaratmaq lazımdır, məqsəd isə iri biznesin innovativ iqtisadiyyatın inkişafına maraq göstərməsidir".

O, əlavə edib ki, bunun üçün vergi və gömrük güzəştlərinin tətbiq edilməsi, əqli mülkiyyət hüquqlarının qorunması və s. lazımdır: "Əgər hazırda Fransada innovativ inkişafa xərclənən hər bir dollara görə 0,4 dollar həcmində vergi alınırsa, Azərbaycanda bu göstərici 0,2 dollar təşkil edir".

Ə.Abbasov vurğulayıb ki, ölkədə innovativ inkişafa hesablanmış texnoloji parkların, sənaye məhəllələrinin yaradılması çərçivəsində artıq vergi və gömrük güzəştləri tətbiq edilir: "Əlverişli biznes mühitinin yaradılması vacibdir. Bunsuz ümumilikdə iqtisadiyyatın inkişafından danışmaq olmaz. Söhbət sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasından, ixrac potensialının artırılmasından və beynəlxalq bazarlara ekspansiya imkanlarından gedir. Hazırda Azərbaycanın yüksək texnologiyalar sahəsində ixrac potensialı çox kiçikdir və təqribən 52 milyon dollar təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti