...

Yaponiya Bakının seysmik risk xəritəsini hazırlayacaq

Telekommunikasiya Materials 14 May 2015 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Hüseyn Vəliyev/

Yapon şirkətləri "Bakının seysmik mikrorayonlaşdırılması üzrə risk xəritəsi"ni hazırlayacaq. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) xəbər verib.

Mərkəzdən bildirilib ki, bu layihə yenidən aktuallıq qazanıb və onun həyata keçirilməsi ilə bağlı son qərar Yaponiya hökuməti səviyyəsində qəbul edilməlidir.

"Məlum olduğu kimi bu yaxınlarda yeni Yaponiya hökuməti formalaşıb və layihə yenidən gündəliyə daxil edilib. Bu da onun aktuallığını itirməməsindən xəbər verir. RSXM mütəxəssisləri daim yapon həmkarları ilə əlaqə saxlayırlar", - deyə mərkəzdən bildirilib.

Layihə çərçivəsində əməkdaşlığa Yaponiyanın OYO və "Shinyei Kaisha" şirkətləri tərəfindən baxılıb.

RSMX-də hesab edirlər ki, bu layihə ilə bağlı Yaponiyanın mövqeyini gözləmə mövqeyi kimi xarakterizə etmək olar. Belə ki, layihə bu ölkənin hökuməti tərəfindən ayrılan maliyyə resursları hesabına həyata keçirilməlidir.

Bu cür layihələrin reallaşdırılmasında Yaponiyanın böyük təcrübəsi var. İndiyə kimi bu ölkə tərəfindən İstanbul, Tehran və Daşkənddə analoji layihələr həyata keçirilib.

Azərbaycanda həyata keçirilməsi planlaşdırılan layihə kifayət qədər zəhmət tələb edən işdir və onun reallaşdırılması üşün vaxt lazımdır.

Daha əvvəl RSMX-dən Trend-ə verilən məlumatda qeyd olunur ki, layihə ilə bağlı danışıqlar Azərbaycan və Yaponiya hökumətləri səviyyəsində aparılıb. Layihə ilə bağlı texniki tapşırıq Yapon tərəfinə verilib və gözlənilir ki, Yaponiya onun reallaşdırılması üçün son qərarını təqdim edəcək.

Mikrorayonlaşdırma prosesində Bakı şəhərinin bütün sahələri və rayonlarının xəritəsi təşkil ediləcək. Bu xəritədə ərazilərin seysmik aktivliyi, su və qaz təchizatına infrastrukturuna təsiri və s. ballıq şkala üzrə qiymətləndiriləcək. Parametrlərinə görə, layihə kifayət qədər böyükdür və kompleks yanaşma tələb edir.

Tvitter: @h_veliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti