...

Azərbaycan TASİM-in tikintisini tezləşdirməyə hazırlaşır

Telekommunikasiya Materials 29 İyul 2015 04:34 (UTC +04:00)
Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin iştirakçıları TASİM-in tikintisini sürətləndirməyə kömək edə biləcək bir sıra vacib istiqamətləri nəzərdən keçirirlər.
Azərbaycan TASİM-in tikintisini tezləşdirməyə hazırlaşır

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin iştirakçıları TASİM-in tikintisini sürətləndirməyə kömək edə biləcək bir sıra vacib istiqamətləri nəzərdən keçirirlər. Bunu Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, nəzərdən keçirilən bütün variantlardan ən optimalı seçiləcək və ona hüquqi əhəmiyyət veriləcək.

Mənbə qeyd edib ki, layihənin növbəti inkişaf mərhələsinə çıxmasına xidmət edən konkret detallar müvafiq sənəddə əksini tapacaq. Sənədin növbəti "BakuTel-2015" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı (2015-ci il dekabrın 2-5-də keçiriləcək) çərçivəsində imzalanması gözlənilir.

Azərbaycan bir neçə aspekt üzrə öz fikirlərini bölüşüb. Mənbə hesab edir ki, TASİM-in digər iştirakçıları da analoji addım atacaqlar və bundan sorna layihənin hansı istiqamətdə irəliləcəyi barədə danışmaq mümkün olacaq.

O, əlavə edib ki, sənədin detalları və onu imzalayacaq tərəflər payızda müəyyənləşəcək. Digər ölkələrin layihədə iştiraka cəlb edilməsi imkanına gəlincə, mənbə diqqətə çatdırıb ki, bu məsələ müzakirə mövzusu deyil: "Hesab edilir ki, layihədə artıq iri telekommunikasiya operatorları təmsil olunub. Layihənin iştirakçıları zəruri maddi-texniki resurslara və şəbəkə qurmaq təcrübəsinə malik olduğundan digər ölkələrin layihəyə cəlb edilməsi məsələsi aktuallığını itirir".

Qeyd edək ki, hazırda TASİM layihəsinə Rusiya (operator "Rostelekom"), Qazaxıstan ("KazTransKom"), Türkiyə ("TurkTelecom"), Çin ("ChinaTelecom") cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.

Layihənin reallaşdırılması Qərbi Avropa və Sakit okean hövzəsi ölkələri arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti