...

Azercell-in əməkdaşı "SITE Scientific Seminars" proqramına dəstək oldu

Telekommunikasiya Materials 8 Fevral 2016 17:12 (UTC +04:00)
Bu dəfə Azercell-in əməkdaşı İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbinin həyata keçirdiyi “SITE Scientific Seminars” proqramına dəstək oldu.
Azercell-in əməkdaşı "SITE Scientific Seminars" proqramına dəstək oldu

Bakı. Trend:

Ölkənin lider mobil operatoru "Azercell Telekom"un hər zaman ölkədə təhsilin inkişafına dəstək olan müxtəlif layihələr həyata keçirməsi ilə yanaşı, şirkətin yetişdirdiyi istedadlı mütəxəssislər də bu sahədə öz geniş töhfəsini verməkdə davam edir. Belə ki, Azercell-in müxtəlif şöbələrində çalışan peşəkarlar respublikada fəaliyyət göstərən müxtəlif təhsil ocaqlarında tələbələr üçün seminarlarda iştirak edərək nəzəri bilgiləri və zəngin iş təcrübəsi ilə bölüşürlər.

Bu dəfə Azercell-in əməkdaşı İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbinin həyata keçirdiyi "SITE Scientific Seminars" proqramına dəstək oldu. Belə ki, proqram çərçivəsində keçirilən görüşlərdən biri də fevralın 5-də ADA Universitetində baş tutub. Bu dəfə mühazirəçi qismində Azercell-in Məhsul və xidmətlərin test olunması bölməsinin rəhbəri Cavid Kərimov çıxış edib. C.Kərimov Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Avtomatlaşdırılmış İdarəetmə Sistemləri, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Universitetində MBA proqramı üzrə Kompüter İnformasiya Sistemləri ixtisasına yiyələnib.

"Azercell öz məhsullarını necə test edir?" adlanan seminarda C.Kərimov "Proqram təminatının test edilməsi nədir və nə üçün lazımdır?", proqram təminatının yoxlanılması haqqında ilkin anlayışlar, proqram təminatının test edilməsi prinsipləri haqqında öz bilgilərini tələbələrlə bölüşüb. Mühazirəçi, eyni zamanda "Azercell" şirkətinin öz məhsullarını hansı şəkildə test etməsi, müştəriləri keyfiyyətli məhsulla təmin etmək üçün hansı və neçə mərhələli test üsullarından istifadə etməsi haqqında məlumatları da seminar iştirakçılarına çatdırıb. Daha sonra bu bilgilərin daha yaxşı mənimsənilməsi üçün qrup məşğələləri keçirilib.

Məlumat üçün bildirək ki, SITE ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, müasir tələblərə cavab verən yüksək ixtisaslı İT mütəxəssisləri və mühəndislər potensialının yaradılması məqsədilə 2012-ci ildə təsis olunub.

Azercell-in yüksək ixtisaslı mütəxəssisləri bundan sonra da öz bilik və bacarıqlarını tələbə və gənclərlə müxtəlif seminar, mühazirə və məşğələlər vasitəsilə bölüşməyə davam edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti