...

Bakının telefon kabel-kanal sistemi təkmilləşdiriləcək (FOTO)

Telekommunikasiya Materials 25 Aprel 2016 16:48 (UTC +04:00)
Bakı Telefon İstehsalat Birliyindən verilən məlumata görə, bu qanunsuz fəaliyyətə yol vermiş şəxslərin cəzalandırılması ilə yanaşı, baş vermiş nöqsanların aradan qaldırılması yönündə də ciddi layihələr başlanılıb.
Bakının telefon kabel-kanal sistemi təkmilləşdiriləcək (FOTO)

Bakı. Trend:

Paytaxtın telefon kabel-kanal sistemi təkmilləşdiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində kabel-kanal sistemləri illər əvvəl inşa edilib. Uzun illər istismar edilən sistem yalnız rabitə müəssisələrinə deyil, eyni zamanda dövlət əhəmiyyətli qurumların, nazirliklərin və özəl müəssisələrin də rabitə xətlərinə xidmət edir.

Son zamanlar aparılan araşdırılmalar göstərir ki, yeni kabel-kanal sisteminin tikilməməsi, şəhərin müəyyən yerlərində tikintinin qeyri mümkün olması, sisteminin uzun illər normativə uyğun düzgün istismar edilməməsi və bir çox digər səbəblər bu resursun gələcək texniki istismarını mümkünsüz edib.

Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) balansında və istismarında 16.900 müxtəlif ölçülü quyu, 1820 km telefon kanalizasiyası və 4006 km kabel kanalı var. Kabel kanallarında BTRİB-ə məxsus 1800 km fiber optik (FO), 13.371 km fiziki (mis) kabel və digər təşkilatlara məxsus 3500 km müxtəlif tutumlu FO kabeli mövcuddur.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərir ki, paytaxtın kabel-kanal sistemi normadan çox yüklənib. Hazırda BTRİB tərəfindən kabel-kanal sisteminin auditi davam etdirlir.

Bundan başqa, kabel-kanal sistemində kabellər səliqəsiz və sıx yerləşdirilib, kabellərin üzərində tanıtım nişanları vurulmayıb, kabellərin montajı normativ tələblərə cavab vermir, habelə kabellərin bu qaydada montajı qəza zamanı quyuya düşərək uyğun işin aparılmasına imkan vermir.

Kabel-kanalların çox yüklənməsi zədəli kabellərin demontajı zamanı digər kabellərin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini mümkünsüz edir.

Qeyd olunan səbəblər quyularda təhlükəsizlik texnikasının tələblərini, yanğın və partlayış təhlükəsizliyinin qarşısının alınmasını təmin etməyə imkan vemir ki, bu da öz növbəsində dövlət əhəmiyyətli rabitənin təminatlı işinə əngəl yaradır.

Bakı Telefon İstehsalat Birliyindən verilən məlumata görə, bu qanunsuz fəaliyyətə yol vermiş şəxslərin cəzalandırılması ilə yanaşı, baş vermiş nöqsanların aradan qaldırılması yönündə də ciddi layihələr başlanılıb. Nəzərdə tutulan işlərin nəticəsi olaraq bütün norma və tələblərə cavab verən, kəsintisiz və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların inkişafına daim dəstək verən kabel-kanal sistemi yaradılacaq.

Bunu nəzərə alaraq, BTRİB kabel-kanal sisteminin düzgün istifadəsi və yeni kabel çəkilişini müvəqqəti olaraq məhdudlaşdırmaqla bağlı provayderlərə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti