...

“Kaspersky Lab”: Şifrələyicilərin istifadəçilərə hücumları intensivləşib

Telekommunikasiya Materials 29 İyun 2016 15:09 (UTC +04:00)
Fərdi kompüter istifadəçiləri onlara məxsus faylları oxunmaz hala salan və fayllara girişi qaytarmaq üçün pul tələb edən şifrələyici proqramlarla beş dəfə çox qarşılaşırlar.
“Kaspersky Lab”: Şifrələyicilərin istifadəçilərə hücumları intensivləşib

Bakı. Trend:

Fərdi kompüter istifadəçiləri onlara məxsus faylları oxunmaz hala salan və fayllara girişi qaytarmaq üçün pul tələb edən şifrələyici proqramlarla beş dəfə çox qarşılaşırlar.

“Kaspersky Lab” şirkətinin ekspertləri iki illik müddətə aid məlumatları müqayisə edərək (2014-cü il aprel – 2015-ci il mart/aprel – 2016-cı il mart) müəyyənləşdiriblər ki, şirkətin təhlükəsizlik həlləri tərəfindən zərərverici proqramların qarşısı alınmış kompüterlərin sayı 5,5 dəfə artıb. Bununla yanaşı, digər bir fakt da sözügedən təhlükələrin artımını vurğulayır: hər hansı növ pul tələsi olan proqramlarla (məs. bloker) qarşılaşan isifadəçilərin ümumi sayında şifrələyici əlavələrlə qarşılaşanların sayı 25 faiz bəndi artaraq 2016-cı ilin mart ayında 31,6 faiz təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, hesabat dövründə fırıldaqla pul əldə edən zərərverici proqram təminatına yoluxmuş kompüter istifadəçilərinin sayı isə 17,7 faiz artaraq 2,3 milyonu üstələyib. Bununla yanaşı, zərərçəkənlər arasında korporativ istifadəçilərin payı 2 dəfəyədək artaraq ümumi göstəricinin 13 faizini təşkil edib.

“Kaspersky Lab”ın antivirus üzrə baş analitiki Fyodor Sinitsin bildirib: “Fırıldaqla pul tələb edən və şifrələyici proqramlarla bağlı əsas problem onunla bağlıdır ki, zərərçəkmiş istifadəçilərin öz fayllarına girişi bərpa etmək üçün adətən tələb olunan pulu ödəməkdən başqa çıxış yolu qalmır. Bu isə cinayətkarların pis niyyətlərinə çatmasına və gələcəkdə bu cür halların artmasına şərait yaradır. Bizim təhlil etdiyimiz statistik göstəricilər dediklərimizi bir daha sübut edir. Həm korporativ, həm də fərdi istifadəçilər bu cür təhlükələrdən özlərini daha səmərəli vasitələrlə, məsələn, faylların ehtiyat nüsxələrini yaratmaqla, etibarlı təhlükəsizlik həlləri istifadə etməklə, yoxlanmamış mənbələrdən və şübhəli şəxslərdən məlumat alarkən sayıqlığı itirməməklə qoruya bilərlər. Şifrələyici proqramlar asan pullar gətirdikcə cinayətkarlar bu tipli proqram təminatından istifadə edəcəklər. Odur ki, vəziyyəti dəyişmək istifadəçilərin öz ixtiyarındadır”.

Şifrələyici və ümumilikdə pul tələb edən zərərverici proqramlarla bağlı ətraflı məlumatı və təhdidlərin inkişaf dinamikasını “Kaspersky Lab”ın hesabatında oxuya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti