...

Nar”ın “Təlim məktəbi” layihəsi çərçivəsindəki kursların ilk mərhələsi başa çatıb (FOTO)

Telekommunikasiya Materials 19 Yanvar 2017 16:18 (UTC +04:00)
Nitq və eşitmə məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsinə dəstək konsepsiyasının bir hissəsi olan “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb.
Nar”ın “Təlim məktəbi” layihəsi çərçivəsindəki kursların ilk mərhələsi başa çatıb (FOTO)

Bakı. Trend:

“Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən və mobil operatorun nitq və eşitmə məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsinə davamlı dəstək konsepsiyasının bir hissəsi olan “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Uğur akademiyası” və “Asan könüllüləri gənclər təşkilatı” ictimai birliyi ilə birgə “Həyat bizimlə daha rəngarəng” şüarı altında reallaşdırılan layihə çərçivəsində 2016-cı il noyabrın 7-də dərslərə başlamış nitq və eşitmə imkanları məhdud vətəndaşlardan ibarət ilk qrup kursları uğurla başa vurub.

75 nəfərədək nitq və eşitmə məhdudiyyətli gəncin iştirakı nəzərdə tutulmuş kurslar “Təlim məktəbi” layihəsinə görə tədrisi planlaşdırılmış üç istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürüb. Qeyd edək ki, təlimlər nitq və eşitmə məhdudiyyəti olan gənclər üçün xüsusi tərcüməçi vasitəsilə reallaşdırılıb. Kursun rəhbəri bu sahə üzrə peşəkar mütəxəssis Günay Əmirova olub.

Eyni zamanda, layihə heyəti tərəfindən dəvət olunmuş psixoloq tərəfindən kurs iştirakçılarının peşə potensialları qiymətləndirilib, həftə ərzində təşkil olunmuş mütəmadi görüşlərdə özünə inam və motivasiyanın artırılmasında onlara yardım göstərilib.

Dizayn proqramları ixtisası üzrə təşkil edilmiş kursların iştirakçıları olan gənclər dərsləri müvəffəqiyyətlə başa vuraraq, müvafiq sertifikatlarla təltif ediliblər. “Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin əlilliyi olan insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğulayıb:

“Sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələr cəmiyyətin inkişafına misilsiz töhfə verməkdədir. “Nar” operatoru tərəfindən dəstəklənən bu təşəbbüs Azərbaycanın işgüzar mühitində gözəl bir nümunə oldu”.

Xatırladaq ki, “Nar” artıq 3 ildir özünün KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərib. “Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti