...

Açıq məlumatlar "Elektron hökumət" quruculuğunda yeni inkişaf mərhələsidir

Telekommunikasiya Materials 7 Fevral 2017 15:30 (UTC +04:00)
Hazırda ayrı-ayrı dövlət qurumlarının 25 adda məlumat bazası istifadəçilərin ixtiyarındadır.
Açıq məlumatlar "Elektron hökumət" quruculuğunda yeni inkişaf mərhələsidir

Bakı. Trend:

Hazırda ayrı-ayrı dövlət qurumlarının 25 adda məlumat bazası istifadəçilərin ixtiyarındadır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyinin təşəbbüsü ilə keçirilən "Açıq hökumət məlumatlan" mövzusunda konfransda məlumat verilib.

Konfransda 60-dək dövlət və özəl qurumların nümayəndələri bu məsələ ətrafında müzakirə aparıblar.

"Elektron hökumət" portalının tərkib hissəsi kimi, 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan "www.data.gov.az" portalı dövlət orqanlarının məlumatlar toplusuna və əlavə vasitələrə giriş əldə etmək üçün informasiyaları özündə əks etdirir. Portal vasitəsi ilə istifadəçilər dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilərlər. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim edilən açıq məlumatlar müntəzəm şəkildə yenilənir və təkmilləşdirilir.

"www.data.gov.az" portalının əsas məqsədi məlumatların istifadəsi, onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların stimullaşdırılması, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının fəaliyyətinin effektliyinin və səmərəliliyinin artırılması da əsas məqsədlərdəndir. Lakin buna baxmayaraq, bu gün bütün dövlət qurumlarının məlumatları portalda yerləşdirməyib.

Hazırda açıq məlumatlar portalında Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri, "Azərsu" ASC və Dövlət Gömrük Komitəsinin məlumatları yerləşdirilib. Bununla belə, əksər qurumlara məxsus açıq məlumatlar mövcuddur ki, həmin məlumatların portala yerləşdirilməsi üçün lazımi işlər aparılır. Konfransda bildirilib ki, zəruri məlumatlar istifadəçi üçün tam açıq edildikdən sonra dövlət xərclərinə qənaət, sahibkarlığa dəstəyin artırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, startapların stimullaşdırılması, elektron xidmətlərin sayının artması, eləcə də, BMT-nin "Elektron hökumətin İnkişaf İndeksi" və "Elektron İştirak İndeksi" hesabatlarında ölkəmizin reytinqinin yüksəlməsi kimi müsbət nəticələr əldə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti