...

Azərbaycan Intas çərçivəsində həyata keçirilən İT layihəsi üzrə görüşdə iştirak edir

Telekommunikasiya Materials 4 Fevral 2006 13:26 (UTC +04:00)

Azərbaycanın mütəxəssisləri keçmiş SSRİ-nin müstəqil dövlətlərindən olan alimlərlə əməkdaşlığa yardım Beynəlxalq Assosiasiyası - Intas (The International Association for the Promotion of Co-operation with Scientists from the New Independent States (NIS) of the Former Soviet Union) çərçivəsində həyata keçirilən İT layihəsi üzrə görüşdə iştirak edir. Rabitə və informasiya texnologiyaları nazirliyi yanında informasiya və kommunikasiya texnologiyaları mərkəzində Trend ə bildirlib ki, fevralın 3-də Kiyevdə öz işinə başlamış tədbir fevralın 6-dək davam etdiriləcək. Azərbaycanı Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat institutunun alimlərindən ibarət nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə adıçəkilən mərkəzin rəhbəri Fikrət Əliyev başçılıq edir. Azərbaycan alimləri İsveçin Çalmer İT universiteti, Türkiyənin Mərsin Universiteti, Ukrayna Milli Elmər Akademiyasının Mexanika İnstitutundan olan mütəxəssislərlə görüşəcək.

2005-ci ilin aprelindən gerçəkləşdirilən layihənin əsas məqsədi mexaniki və iqtisadi sistemlərdə dövri optimal tənzimləyicilərin quraşdırılması və müasir İT texnologiyalarının tətbiq edilməsi ilə adıçəkilən problemlərin həllidir. Görüşdə 2005-ci ildə bu ölkələrin mütəxəssisləri tərəfindən həyata keçirilən işlərin, habelə 2006-cı ildə layihə çərçivəsində gerçəkləşdirilməsi planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur.

Qeyri-kommersiya xeyriyyəçi təşkilatı olan INTAS 1993-cü ildə yaradılıb və Brüsseldə yerləşir. Təşkilat əsasən Avropa Birliyinin (AB) çərçivə proqramları büdcəsindən və AB ölkələrinin könüllü ödənişləri əsasında maliyyələşdirilir.Təşkilatın proqramları AB və MDB üçün geniş əhatəli birgə tədqiqat problemlərinin həllinə yönəldilib. INTAS-a üzv ölkələr: Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İslandiya, İrlandiya, İtaliya, İspaniya, İsrail, Kipr Respublikası, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Finlandiya, Fransa, İsveç, İsveçrə, Çexiya, Estoniya, Avropa İctimaiyyəti və keçmiş SSRİ dövlətlərindən: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandır.

Xəbər lenti

Xəbər lenti