...

Azərbaycanın regionlarında rabitənin təxminən 55%-i elektronlaşdırılıb

Telekommunikasiya Materials 20 Fevral 2006 11:40 (UTC +04:00)

Azərbaycanın regionlarında rabitənin təxminən 55%-i elektronlaşdırılıb. 2004-cü ildə bu göstərici 43,2% təşkil etmişdir. Trend in xəbər verdiyi kimi, bu barədə Aztelekom İB-nin rəhbəri Məhəmməd Məmmədov məlumat verib. Ümumi faiz göstəricisinin 61,1%-i şəhərlərdə, 40,6% isə kəndlərdə rabitənin elektronlaşdırılmasının payına düşür.

Onun sözlərinə görə, 2005-ci ildə Yevlax, Naftalan, Goranboy, Əli-Bayramlı və Lənkəranda mərkəzi ATS yenidən qurulub. Naftalan və Xızının telekommunikasiya qovşaqları isə TAE fibrooptik kabel magistralına qoşulub.

Nazirliyin nümayəndəsi qeyd edib ki, EATS-də nömrələrin sayı 81956-ya çatdırılıb və 35 yeni ATS inşa edilib. Bakıda, Abşeron yarımadasında və Şamaxıda CDMA (Code Division Multiple Access) texnologiyası tətbiq olunub (6 min nömrə istismara verilib)

2005-ci ildə Aztelekom əhaliyə 37,8 mln manat həcmində xidmət göstərib. Bu rəqəm proqnoz göstəricisini 2,2% keçib və əvvəlki illə müqayisədə 20,4% çoxdur.

M.Məmmədov vurğulayıb ki, bu dövr ərzində əldə olunmuş nailiyyətlərlə yanaşı, xüsusilə Gəncə, Kürdəmir, Şəmkir, Ağdaş, Tovuz, Yevlaxın bəzi TKQ-nın fəaliyyətində nöqsanlar müşahidə olunub və bunların aradan qaldırılması üzrə müvafiq tədbirlər görülüb. "Qusar, Cəlilabad, Ucar TKQ-nın rəhbərləri vəzifələrindən uzaqlaşdırılıb" - deyə İB-nin baş direktoru sonda bildirib.

Xəbər lenti

Xəbər lenti