...

"Azerspace-2" peyki ilə bağlı açıq tender elan edildi

Tender müsabiqələri Materials 4 Mart 2015 16:17 (UTC +04:00)
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması"na dair açıq tender elan edib.
"Azerspace-2" peyki ilə bağlı açıq tender elan edildi

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması"na dair açıq tender elan edib.

Trend nazirliyə istinadən məlumat vertir ki, tenderdə iştirak etmək üçün müraciət edənin göstəriciləri aşağıdakı meyarlara uyğun olmalıdır:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;
- maliyyə durumu qənaətbəxş olmalı;
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş (və bu tenderin əsas şərtlər toplusu ilə daha ətraflı müəyyən edilmiş) müvafiq sahədə peşəkar və təcrübəli olmalı;
- texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;
- vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 13 mart 2015-ci il saat 18:00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- konfidensiallıq haqqında müqavilənin imzalanmış əsli (belə sənəd olmadıqda, müqavilə layihəsinin formasını elanın sonunda qeyd edilən şəxslərə müraciət edibəldə etmək olar).

Bundan sonra isə aşağıdakı sənədlər tender prosedurunun başlanmasına ən azı 7 bank günü qalmış təqdim edilməlidir:

- şirkətin tam adı, hüquqi statusu, rekvizitləri, təsis olduğu ölkənin səlahiyyətli dövlət orqanında qeydiyyata alınmış nizamnaməsi (bu olmadıqda isə digər ekvivalent sənədi);
- şirkətin Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) və ya Ümumi Qəbul Edilmiş Mühasibat Uçotu Prinsipləri (GAAP) əsasında hazırlanmış kənar audit hesabatı və ən sonuncu il üzrə maliyyə hesabatları.

Tenderdə iştirak haqqı 20 min ABŞ dolları təşkil edir və heç bir halda geri qaytarılmır. Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1% məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır. Bank zəmanətinin mövcudluğu Azərbaycanda məqbul sayılan yerli bankda SWIFT vasitəsilə təsdiqlənməlidir.

Müqavilə üzrə işlər 2017-ci ilin sonunadək tamamlanmalıdır: yerüstü avadanlıqların quraşdırılması ən geci 2017-ci ildə tamamlanmalı və ən geci 2017-ci ilin sonunadək peyk kosmodroma göndərilməyə hazır vəziyyətə gətirilməlidir.

Qalib iddiaçı hər bir tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində maliyyə, texniki, ixtisas meyarları əsasında, habelə Ku- və Ka- radiotezlik zolaqlarında geo-stasionar orbitdə istismar olunan telekommunikasiya peyk və əlaqədar yerüstü avadanlıqlardan ibarət peyk sistemlərinin istismara verilməsi sahəsində təcrübəsi nəzərə alınaraq seçiləcək.

Tender təklifi və bank zəmanəti 22 aprel 2015-ci il saat 18:00-a qədər "Azərkosmos" ASC-yə (ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi, 72, 5-ci mərtəbə) təqdim edilməlidir.

Tender proseduru 23 aprel 2015-ci il saat 11:00-da "Azərkosmos" ASC-nin böyük iclas zalında başlayacaq.

Tender barədə əlavə məlumat almaq üçün "Azərkosmos" ASC-yə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti