...

AAC məsaməli betonun uğurlu sınaq istehsalını həyata keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 17:33 (UTC +04:00)
Azərbaycanda ilk və yeganə məsaməli beton blokların istehsalçısı olan "AAC" MMC sınaq istehsalını müvəvvəqiyyətlə həyata keçirib. Sınaq nəticəsində çox keyfiyyətli məsaməli beton blokları əldə olunub. Bu barədə çərşənbə axşamı AAC-dən Trend-ə verilən məlumatda deyilir
AAC məsaməli betonun uğurlu sınaq istehsalını həyata keçirib (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycanda ilk və yeganə məsaməli beton blokların istehsalçısı olan "AAC" MMC sınaq istehsalını müvəvvəqiyyətlə həyata keçirib. Sınaq nəticəsində çox keyfiyyətli məsaməli beton blokları əldə olunub. Bu barədə çərşənbə axşamı AAC-dən Trend-ə verilən məlumatda deyilir.

Dünyanın 50-dən çox ölkəsində sayı 200-dən artıq olan məsaməli beton bloklar istehsal edən zavod var. Yaxın günlərdə artıq Azərbaycanda da belə bir zavod fəaliyyətə başlayacaq. AAC zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir və illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokudur. Zavodun tikintisində qabaqcıl alman texnologiyaları tətbiq olunub. Zavodun günlük istehsal gücü 600 kubmetr məsaməli məsaməli beton bloklar və 100 ton həcmində yüksəkkeyfiyyətli əhəng istehsal etməyə imkan verir. İstehsalat 10 hektar ərazidə yerləşir və bütün zəruri infrastrukturdan ibarətdir.

"Bu zavodun Cənubi Qafqazda analoqu yoxdur. Zavodun məhsullarının əksər hissəsi ölkə ərazisində satılacaq. Lakin şirkət məhsulun Gürcüstan, İran və Dağıstan kimi yaxın qonşu regionlara ixracı imkanını da planlaşdırır", - AAC şirkətinin baş direktoru Teymur Abdürəhimov qeyd edib.

Sınaq istehsaldan sonra AAC zavodu tam istehsala başlamaq üçün bir sıra texniki yoxlamaları davam etdirir. Yaxın günlərdə zavod tam olaraq istehsala başlayacaq. Cari ilin sonunadək zavod 12,500 ton əhəng və 25000 kubmetr məsaməli beton blokları istehsal etməyi planlaşdırır.

"AAС" MMC Azərbaycanda müasir məsaməli beton və yüksək keyfiyyətli əhəng istehsalına böyük sərmayə yatırmış Azərbaycan şirkətidir.

Məsaməli beton, əvvəlki tikinti materiallarına nəzərən möhkəm, yüngül, üzünömürlü, istiyə və şaxtaya qarşı davamlı, buxar keçirmə qabiliyyəti (məsaməli beton bloklarından olan divarlar "nəfəs alır"), səthin təmizliyi və hamarlığa malik olması, ekoloji cəhətdən təmizliyi, enerji cəhətdən səmərəliliyi və əl alətləri ilə rahat işlənməsi kimi üstünlüklərə malikdir. Məsaməli beton məhsulları həm peşəkar inşaatçılar, həm də fərdi şəxslər tərəfindən müvəffəqiyyətlə istifadə edilir.

Hazırda bütün dünyada məsaməli beton məhsulları azmərtəbəli və çoxmərtəbəli binaların inşasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkənlərin tikilməsində geniş tətbiq edilir. Məsaməli beton məhsulları yalnız təbii xammallardan istifadə olunmaqla, yüksək texnologiyalı və tam avtomatlaşmış xətlərdə istehsal olunur.

Qonşu region və Avropa ölkələrində məsaməli betondan olan tikinti materiallarının istehsalına investisiya qoyuluşu cəlbedici sayılır. Rusiyada məsaməli betondan olan tikintinin həcmi sürətlə artır. 2009-cu ildə məsaməli betonun tikinti bazarında payı yaşayış mənzil tikintisində 10,1%, qeyri-yaşayış sahələrinin tikintisində isə 13,6% təşkil edib. Bu göstərici inkişaf etmiş Avropa ölkələrində müvafiq olaraq 35-45% təşkil edir.

MDB ölkələrindən Belarusda yaşayış mənzil tikintisində məsaməli betonun payı 46% təşkil edir, 2015-ci ilə qədər isə azmərtəbəli yaşayış evlərinin tikintisində bu payın 97%-ə çatdırılması nəzərdə tutulur. Ukraynada məsaməli beton məhsulunun istehlak həcmi ildə 8 mln kubmetr təşkil edir.

Məsaməli beton məhsullarının Azərbaycan bazarına da çıxması tikinti işlərinin texnologiyasını və müddətini əsaslı şəkildə dəyişəcək.

Xəbər lenti

Xəbər lenti