...

Məsaməli beton Azərbaycanda tikinti obyektlərinin ekoloji təhlükəsizliyini təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2011 14:05 (UTC +04:00)
Məsaməli beton bloklardan tikilmiş evlər və obyektlər Azərbaycanda tikinti obyektlərinin ekoloji təhlükəsizliyini təmin edəcək.
Məsaməli beton Azərbaycanda tikinti obyektlərinin ekoloji təhlükəsizliyini təmin edəcək

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Məsaməli beton bloklardan tikilmiş evlər və obyektlər Azərbaycanda tikinti obyektlərinin ekoloji təhlükəsizliyini təmin edəcək. Belə ki, məsaməli beton beynəlxalq standartlara cavab verən ekoloji cəhətdən zərərsiz tikinti materialıdır. Trend-in məlumatına görə, bu barədə "AAC" MMC-nin Marketinq və satış şöbəsinin rəhbəri Vüqar Həmidov bildirib.

"Məsaməli betonun üstünlüyü ondan ibarətdir ki, beton blokların istehsalında yalnız təbii, ekoloji cəhətdən təmiz komponentlərdən istifadə olunur. Hazır tikinti məhsulu təsirsizdir və ətrafa heç bir birləşmə buraxmır, buna görə də insanların sağlamlığı üçün tam təhlükəsizdir", - Həmidov deyib.

Onun sözlərinə görə, məsaməli strukturu vasitəsilə "nəfəs" alan beton bloklar rütubət və temperatur dəyişikliklərin təsiri altında demək olar ki, dəyişmir. Bundan əlavə, o, məsaməli material olduğu üçün, məsaməli betondan tikilmiş evdə taxta evdəki kimi asanlıqla nəfəs almaq olur.

"Müasir məsaməli beton qum, əhəng, su və az miqdarda sementdən hazırlanır. Ondan heç bir zəhərli maddə ayrılmır və ekoloji göstəricilərinə görə yalnız taxtadan geri qalır. Amma bununla belə, məsaməli beton taxtadan fərqli olaraq yanmır, çürümür və köhnəlmir", - o deyib.

Həmidovun sözlərinə görə, başqa bir ekoloji göstərici zədələnmiş və sınmış bloklardan yenidən istifadə imkanının olmasıdır.

Bundan əlavə, onun sözlərinə görə, mineral tərkibinə əsasən, məsaməli beton yanmayan tikinti məhsulu kimi təsnif olunur. O, 1200 dərəcə selsidə yanmır, eyni zamanda, digər tikinti materiallardan fərqli olaraq istiyə davamlıdır.

"Ona görə də məsaməli beton insan həyatı və əmlakın saxlanmasına kömək edən, yanğının yayılmasının qarşısını alan yanğına qarşı divarların quraşdırılmasında istifadə olunur", - Həmidov bildirib.

Bununla yanaşı, o qeyd edib ki, 150 mm qalınlıqda məsaməli beton divar 6 saat yanğına davam gətirə bilər.

Marketinq və satış şöbəsinin rəhbəri Vüqar Həmidov onu da əlavə edib ki, bu yaxınlarda "AAC" sınaq istehsalını müvəffəqiyyətlə həyata keçirib. Sınaq nəticəsində çox keyfiyyətli məsaməli beton blokları əldə olunub. "Hazırda tam istehsala başlamaq üçün bir sıra texniki yoxlamalar davam etdirilir. Yaxın günlərdə zavod tam olaraq istehsala başlayacaq", - Həmidov qeyd edib.

"AAС" MMC - Azərbaycanda müasir məsaməli beton və yüksək keyfiyyətli əhəng istehsalına böyük sərmayə yatırmış Azərbaycan şirkətidir.

Məsaməli beton əvvəlki tikinti materiallarına nəzərən möhkəm, yüngül, üzün ömürlü, istiyə və şaxtaya qarşı davamlı, buxarkeçirmə qabiliyyəti (məsaməli beton bloklarından olan divarlar "nəfəs alır"), səthin təmizliyi və hamarlığa malik olması, ekoloji cəhətdən təmizliyi, enerji cəhətdən səmərəliliyi və əl alətləri ilə rahat işlənməsi kimi üstünlüklərə malikdir. Məsaməli beton məhsulları həm peşəkar inşaatçılar, həm də fərdi şəxslər tərəfindən müvəffəqiyyətlə istifadə edilir.

Dünyanın 50-dən çox ölkəsində yerləşən və sayı 200-dən artıq olan məsaməli beton blokları istehsal edən zavod yaxın günlərdə artıq Azərbaycanda da fəaliyyətə başlayır. "AAC" zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir və illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokudur. Zavodun tikintisində qabaqcıl alman texnologiyaları tətbiq olunub. Zavodun günlük istehsal gücü 600 m3 məsaməli beton bloklar və 100 ton həcmində yüksək keyfiyyətli əhəng istehsal etməyə imkan verir. İstehsalat 10 hektar ərazidə yerləşir və bütün zəruri infrastrukturdan ibarətdir.

Qonşu region və Avropa ölkələrində məsaməli betondan olan tikinti materiallarının istehsalına investisiya qoyuluşu cəlbedici sayılır. Rusiyada məsaməli betondan olan tikintinin həcmi sürətlə artır. 2009-cu ildə məsaməli betonun tikinti bazarında payı yaşayış mənzil tikintisində 10,1%, qeyri-yaşayış sahələrinin tikintisində isə 13,6% təşkil edib. Bu göstərici inkişaf etmiş Avropa ölkələrində müvafiq olaraq 35-45% təşkil edir.

MDB ölkələrindən Belarusda yaşayış mənzil tikintisində məsaməli betonun payı 46% təşkil edir, 2015-ci ilə qədər isə azmərtəbəli yaşayış evlərinin tikintisində bu payın 97%-ə çatdırılması nəzərdə tutulur. Ukraynada məsaməli beton məhsulunun istehlak həcmi 8 milyon kub.m/il təşkil edir.

Məsaməli beton məhsullarının Azərbaycan bazarına da çıxması tikinti işlərinin texnologiyasını və müddətini əsaslı şəkildə dəyişəcək.

Xəbər lenti

Xəbər lenti