...

Azərbaycanda "Mingəçevir regenerat"ın səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2012 11:59 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Mingəçevir Regenerat" ASC-nin səhmlərinin 99,65 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda "Mingəçevir regenerat"ın səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Mingəçevir Regenerat" ASC-nin səhmlərinin 99,65 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Mülkiyyət" qəzetində dərc edilən məlumatda deyilir.

Müsabiqəyə təqdim edilən səhmlər paketi investisiya müsabiqəsinin standart paketindən (85 faiz) və əmək kollektivinə güzəştli satışdan qalan səhmlərdən (14,65 faiz) ibarətdir.

Müsabiqədə yerli fiziki və hüquqi şəxslər, habelə xarici investorlar iştirak edə bilərlər. İddiaçılar müəssisənin fəaliyyətinin bərpa edilməsi üzrə təkliflərdən ibarət investisiya proqramını təqdim etməlidirlər.

İddiaçılar investisiya təklifinin dəyərinin 5 faizi məbləğində bank zəmanətini, həmçinin 240 min manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsi haqqında təklifi təqdim etməlidirlər. İddiaçı niyyətinin ciddi olduğunu göstərmək üçün istənilən bankın 80 min manat dəyərində zəmanət məktubunu təqdim etməlidir.

2012-ci ilin iyulun 1-nə olan məlumata görə, ASC-nin nizamnamə kapitalı 404 350 manat təşkil edir və bu məbləğə hər birinin nominal dəyəri iki manat olan 202 175 səhm buraxılıb. Müsabiqənin mövzusu ümumi nominal dəyəri 402 950 manat olan 201 475 səhmdir.

Müəssisənin 142 144,47 manat məbləğində borcu var, o cümlədən 7 522,66 manat əməkhaqqı, 134 621,81 manat xammal, işlər və xidmətlər üzrə borc təşkil edir. Müəssisənin debitor borcları 130 129,6 manatdır.

Müəssisə 1992-ci ildən fəaliyyət göstərir. İşçilərinin sayı 12 nəfərdir.

İddiaçılar müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış ola və 14 sentyabr saat 10:00-dan 17:30-dək Bakı şəhəri, Y.Səfərov küçəsi, 20 ünvanında əlavə məlumat ala bilərlər. Sənədlər və təkliflər 14 sentyabr saat 10:00-dan 17:30-dək qəbul olunur.

Təkliflərə sentyabrın 19-u saat 15:00-dan komitənin binasında Müsabiqə Komissiyası tərəfindən baxılacaq.

Xəbər lenti

Xəbər lenti