...

Ziyad Səmədzadə: Azərbaycanın inkişafının yeni mərhələsinin əsas hədəfi davamlı sosial-iqtisadi artımın təmin edilməsidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2013 16:45 (UTC +04:00)
Azərbaycanın inkişafının yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətə davamlılıq səviyyəsinin artırılması və dünya təsərrüfat sisteminə effektiv inteqrasiyası ilə bərabər uzunmüddətli perspektivdə dinamik və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasından ibarətdir.
Ziyad Səmədzadə: Azərbaycanın inkişafının yeni mərhələsinin əsas hədəfi davamlı sosial-iqtisadi artımın təmin edilməsidir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanın inkişafının yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətə davamlılıq səviyyəsinin artırılması və dünya təsərrüfat sisteminə effektiv inteqrasiyası ilə bərabər uzunmüddətli perspektivdə dinamik və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasından ibarətdir.

Trend-in məlumatına görə, bu barədə cümə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Bakıda keçirilən mühasib və auditorların IV Avrasiya forumunda çıxışı zamanı bildirib.

Z.Səmədzadə deyib: "Azərbaycanın əldə etdiyi iqtisadi uğurların səbəblərindən biri ondan ibarətdir ki, ölkə hökuməti azad bazar münasibətlərinə bütün problemlərin həlli mənbəyi kimi baxmayıb. Ölkədə hakim olan ictimai mülkiyyətdən qurtulmaq üçün üstünlük mülkiyyətin qarışıq formasına verildi. Bu gün ölkədə minlərlə özəl müəssisə, səhmdar cəmiyyət və şirkət fəaliyyət göstərir. Eyni zamanda, effektiv dövlət sektoru mövcuddur. Ən vacib amil ondan ibarətdir ki, dövlət strateji resurslar üzərində nəzarəti saxladı, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətini özəlləşdirmədi, dövlət sahibkarlıq institutunu formalaşdırdı və ölkədə işgüzar investisiya mühitinin bərqərar olması üçün ardıcıl və sistemli tədbirlər gördü".

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın uğurları bir daha sübut edir ki, ölkədə aparılan iqtisadi siyasət tamamilə xalqın maraqlarına xidmət edir:

"Aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkənin iqtisadi gücü əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə iqtisadi, sosial və siyasi islahatlara sistemli yanaşma Azərbaycanın böyük iqtisadi uğurlar əldə etməsi, regionun, Avropanın və dünyanın iqtisadi və siyasi həyatında aktiv şəkildə iştirak etməsi ilə nəticələnib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti