...

"Muğanbank" Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 12:20 (UTC +04:00)
"Muğanbank" ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə üç milyon dollar məbləğində maliyyə müqaviləsi imzalayıb.
"Muğanbank" Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

"Muğanbank" ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə üç milyon dollar məbləğində maliyyə müqaviləsi imzalayıb. Trend-in məlumatına görə, bu barədə bankın İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.

Müqavilə çərçivəsində alınacaq vəsaitlər istehsal, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdəki kiçik və orta sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Beləliklə, "Muğanbank" ASC ICD-ni öz tərəfdaşları siyahısına əlavə edərək beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını dinamik şəkildə inkişaf etdirməyə davam edir.

"Muğanbank" ASC-nin İdarə Heyətinin sədri Elmir Həsənov müqavilənin bağlanmasına öz münasibətini bildirib: "Hazırkı maliyyə müqaviləsi ICD ilə əməkdaşlığın inkişafı istiqamətində bizim üçün ilk və vacib addımdır. ICD nüfuzlu beynəlxalq maliyyə institutlarından biridir və onun Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməsini müsbət qarşılayırıq".

1999-cu il noyabr ayında əsası qoyulan ICD çoxtərəfli bir maliyyə institutu kimi İslam İnkişaf Bankı Qrupunun üzvüdür. Onun əsas səhmdarı İslam İnkişaf Bankı, o cümlədən ICD-yə üzv olan 51 ölkə və üzv ölkələrdən olan beş dövlət maliyyə institutudur.

ICD-nin missiyası üzv ölkələrdəki özəl sektorun inkişafını maliyyələşdirməklə onların iqtisadi inkişafını dəstəkləməkdir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 30 filialı və 5 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti